Azərbaycanda nigahdan kənar doğulan uşaqların sayı artıb
01 Avqust 2011 Bazar Ertəsi 01:28
Azərbaycanda nigahdan kənar doğulan uşaqların sayı artıb. Ziyalılarımız bunu adət - ənənələrimizdən uzaqlaşmağımızla izah edir.
Rəsmi statistikaya görə, son 10 il ərzində Azərbaycanda rəsmi nigahdan kənar doğulan uşaqların sayı 4 dəfə artıb. Əgər 2000-ci ildə rəsmi nigahdan kənar 6 282 körpə doğulmuşdusa, 2010-cu ildə bu göstərici 25 385-ə çatıb. Maraqlıdır ki, kənd yerlərində nigahdan kənar doğulan uşaqların sayı daha çoxdur. Ekspertlər isə bunu son illər gənclərin daha çox dini kəbinə üstünlük vermələri ilə izah edirlər. Əsasən rayonlarda və kənd yerlərində dini nigahların çoxalması bir sıra amillərlə izah olunur.

Ekspert Mətanət Əzizova hesab edir ki, bəzi yerlərdə rəsmi sənədləri verən dövlət qurumlarının olmaması bu amillərdən biridir: “Burda həm məsələn şəxsiyyət vəsiqələrinin olmaması. Məsələn qeydiyyat yeri yoxdur və şəxsiyyət vəsiqəsi ala bilmirlər. Belə baxanda tam ailədir və bir yerdə yaşayırlar. Amma rəsmi nigah yoxdur”.

Rəsmi nigahdan kənar doğulan uşaqların artmasının bir səbəbi də erkən nigahlarla bağlanır. Belə ki, yetkinlik yaşına çatmayan gənclərin ailə qurması zamanı bu cinayət olduğundan adətən belə nigahlar rəsmiləşdirilmir. Belə ailələrdə doğulan körpələr də rəsmi nigahdan kənar sayılır. Ekspertlər daha çox narahatlıq doğuran məqamın müasir qadınların ailə qurmadan ana olmaq istəmələri olduğunu deyirlər: “Qadınlar ailə qurmaq yox, karyera etmək istəyirlər. Pul qazanmaq istəyirlər və hesab edirlər ki, ailə qursalar daha çox problem ola bilər .məsələn həyat yoldaşı hansısa qadağa qoya bilər. Və qadın hesab edir ki, o, özü üçün uşaq dünyaya gətirsə,daha yaxşı olar” – deyə Mətanət Əzizova əlavə edib.

Belə hallarda ən böyük zərbə isə bu tənha anaların övladlarına dəyir. Ata soyadından, ən əsası isə nəvazişindən məhrum olan bu uşaqların məktəbdə, yaşıdları arasında ayrı-seçkiliyə məruz qalması, onların psixologiyasına mənfi təsir göstərir. Elə ziyalıları da narahat edən əsas məsələ budur.

Ziyalı Rəşid Mahmudov isə bunu adət - ənənələrimizdən uzaqlaşmağımızla izah edir: “Avropaya getmək, yəni avropalaşmaq, qloballaşmaq məsələsini ortaya qoydular. Ailə məsələsi Avropaya nisbətən şərqdə, o cümlədən Azərbaycanda ailə institutu var idi. Doğurdan bizim adətimiz-ənənəmiz var idi. Nişan qoymaq, toy eləmək, ata-ana xeyir duası vermək. Daha bunun çoxu ləğv olub”.

Qeyd edək ki, açıqlanan bu rəqəm yalnız rəsmi statistikadır və ekspertlər qeyri-rəsmi rəqəmlərin daha böyük ola biləcəyini deyirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar