Azərbaycanda meyvə-tərəvəzin satış qiyməti məhdudlaşdırılacaq
10 May 2011 Çərşənbə Axşamı 16:34
Azərbaycanda kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğul olanlar malın qiymətini yalnız 15% artıra biləcəklər.
«APA-Economics»in məlumatına görə, bu, hazırda Milli Məclisdə müzakirə olunan «Kənd təsərrüfatı kooperasiyaları haqqında» qanun layihəsində nəzərdə tutulur.
Qanun layihəsində kənd təsərrüfatı məhsullarının süni bahalaşmasının qarşısını almaq üçün konkret mexanizm nəzərdə tutulub. Bu mexanizmə əsasən, məhsulları fermerlərdən alan topdansatış bazası, fermerlərdən aldığı qiymətin üzərinə ən çoxu 10% əlavə edə biləcək. Kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə məşğul olanlar isə öz növbəsində onun üzərinə cəmi 15% əlavə edə bilərlər.
Yəni, kənd təsərrüfatı məhsullarının pərakəndə satış qiyməti onların topdansatış qiymətindən maksimum 15% artıq ola bilər. Nəticədə, kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti ilə istehlakçı qiymət arasında fərq maksimum 26,5% ola bilər.
Milli Məclisdən «APA-Economics»ə verilən məlumata görə, qiymət artımının bu sxemi bahalaşma və süni qiymət artımının qarşısının alınması üçün nəzərdə tutulub. Qeyd edək ki, belə təcrübə bir sıra xarici ölkələrdə, o cümlədən, Vyetnam və bəzi Avropa dövətlərində (İspaniyada) mövcuddur. Bu sistem kənd təsərrüfatı məhsullarının satıldığı bütün nöqtələrdə, yəni yarmarka və bazarlarda, ixtisaslaşmış və adi ərzaq mağazalarında tətbiq olunacaq.
Qeyd edək ki, qiymətlərə və qiymət artımına nəzarəti yerli icra hakimiyyətləri, bələdiyyələr və Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək. Qiymətlərə nəzarət məsələləri isə müvafiq icra hakimiyyəti orqanının təsdiqləyəcəyi satış qaydalarında əks olunacaq.
DOSTLARINLA PAYLAŞ: