Azərbaycanda məcburi köçkünlərə yeni tikilən binalardan ev veriləcək
19 May 2011 Cümə Axşamı 11:58
Azərbaycan paytaxtında məskunlaşan məcburi köçkünlərin bir hissəsi paytaxtda inşa olunmuş yeni tikilən binalarda məskunlaşdırıla bilər.
Bu barədə «APA-Economics»ə Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin («Qaçqınkom») sədri, baş nazirin müavini Əli Həsənov bildirib.
Məcburi köçkünlərin paytaxtda artıq tikilmiş yeni tikilən binalardakı mənzillərə köçürülməsi ilə bağlı «Qaçqınkom»la danışıqlar aparıldığını tikinti şirkətləri də təsdiqləyiblər. «Akkord İnşaat» şirkətindən bildirilib ki, artıq şirkətdən yeni tikilən binalardakı mənzillərin siyahısını istəyiblər: «Söhbət həm 1-2, həm də daha çox otaqlı tam təmirli mənzillərdən gedir». Məcburi köçkünlərin yeni binalara köçürülməsinə artıq başlanıb. «Akkord» Şirkətlər Qrupundan verilən məlumata görə, artıq 38 məcburi köçkün ailəsi şirkətin inşa etdiyi yaşayış komplekslərindən birinə köçürülüb. Yaxın vaxtlarda bura daha 28 ailənin də köçürüləcəyi gözlənilir.
Qeyd edək ki, bu mənzillər tam təmirlidir. «Qaçqınkom»un mətbuat xidməti isə yeni binalardakı mənzillərə yalnız 20 məcburi köçkün ailəsinin köçürüldüyünü bildirir: «Məcburi köçkünlər üçün yeni binalardan mənzillər yalnız kəskin tələbat yarananda alınacaq. Qalan hallarda onlar üçün mənzilləri “Qaçqınkom”un sifarişi ilə tenderdə qalib gələn şirkətlər tikəcəklər».
Sumqayıtda məskunlaşan məcburi köçkünlərin bir hissəsinin də şəhərin yeni tikilən binalarına köçürülməsi müzakirə olunur. “Qaçqınkom”un sədri Əli Həsənovun sözlərinə görə, bu şəhərdə şəxsi evlərdə məskunlaşan məcburi köçkünlər yeni binalara köçürüləcək. Hazırda bununla bağlı tikinti şirkətləri, eləcə də Maliyyə Nazirliyi və Dövlət Neft Fondu ilə danışıqlar aparılır. APA
DOSTLARINLA PAYLAŞ: