Azərbaycanda keçiriləcək hərbi paradda 5 min nəfərdən çox şəxsi heyət keçid edəcək
15 İyun 2011 Çərşənbə 12:30
Paradda iştirak edəcək bəzi qoşun növlərinin şəxsi heyətinin sayında əvvəlki paradla müqayisədə iki dəfə artım var.
Bakı şəhərində Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü və Silahlı Qüvvələr Günü münasibəti ilə keçiriləcək hərbi paradda 2008-ci illə müqayisədə daha çox şəxsi heyətin iştirakı planlaşdırılır. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Paradda Silahlı Qüvvələrin bütün qoşun növləri – Quru Qoşunlarının ordu korpusları, hərbi lisey və məktəblər, xüsusi təyinatlılar, sülhməramlılar, Milli Təhlükəsizlik Nazirliyi, Sərhəd Qoşunları, Daxili Qoşunlar, Milli Qvardiya, Mülki Müdafiə Qoşunları, dəniz piyadaları, Hərbi Dəniz Qüvvələri, Sahil Mühafizəsi, Hərbi Hava Qüvvələri iştirak edəcək. Həmçinin Azərbaycan ordusunun arsenalındakı ən yeni silah və hərbi texnikalar sərgilənəcək.

Mənbənin məlumatına görə, tribuna önündən keçəcək bəzi qoşun növlərinin şəxsi heyətinin sayında ötən dəfə ilə müqayisədə iki dəfə artım var. Belə ki, paradda Sərhəd Qoşunları, Daxili Qoşunlar və Milli Qvardiya hər biri 80 nəfərdən ibarət bölük şəklində keçəcəklər. Ümumilikdə paradda iştirak edəcək şəxsi heyətin sayının 5 min nəfərdən çox olacağı gözlənilir.

Artıq paradda iştirak edəcək hərbi texnikaların məşqlərinə də başlanıb. Texniki hazırlıq Müdafiə Nazirliyinin Bakı qarnizonundakı hərbi hissələrinin birində keçirilir. Paralel olaraq hərbi aviasiya Bakı səmasında məşqlər həyata keçirir.

Qeyd edək ki, 2008-ci il iyunun 26-da Bakı şəhərində keçirilən hərbi paradda Azərbaycan Silahlı Qüvvələrinin 4510 hərbçisi, 210 döyüş texnikası, 19 vertolyot, 25 döyüş təyyarəsi, 31 gəmi və kater iştirak edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar