Azərbaycanda jurnalist ABŞ-ı tənqid etdiyinə görə işdən çıxarılıb
27 Dekabr 2011 Çərşənbə Axşamı 14:34
ABŞ-ın İREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) təşkilatının Azərbaycan Nümayəndəliyinin Xaçmazdakı İcma Məlumat Mərkəzinin administratoru, jurnalist Cəmil Məmmədli vəzifəsindən azad edilib.
C. Məmmədli APA-ya bildirib ki, administrator vəzifəsinə bu il dekabrın 15-də təyin olunub, cəmi bir həftədən sonra - dekabrın 23-də isə işdən çıxarılıb: “Mən dekabrın əvvəlində İREX təşkilatının Qubadakı icma məlumat mərkəzində SKUPE proqramı vasitəsilə müsabiqədən keçdim və mənə heç bir irad tutulmadı. Dekabrın 16-da isə İREX Bakı ofisinin paytaxtda təşkil etdiyi treninqdə iştirak etdim. Mənə işdən azad edilməyim barədə məlumatı dekabrın 23-də Bakı ofisindən Mürsəl Əliyev telefonla xəbər verdi. Bundan sonra İREX əməkdaşı Ülviyyə Məmmədova telefon açaraq eyni məzmunda söhbət etdi. İşdən azad edilməyimin səbəbi ilə bağlı mənə heç bir şərh vermədilər”.

C. Məmmədlinin dediyinə görə, işdən çıxarılmasının səbəbini öyrənmək üçün daha sonra özünü İREX-in donorlarından biri kimi təqdim edən və icma məlumat mərkəzinin partnyor təşkilatının rəhbəri Fərqani Əliyevlə əlaqə saxlayıb: “Fərqani Əliyev dedi ki, mənim işdən çıxarılmağının əsas səbəbi bu il yanvarın 30-da “Bolgexeber” informasiya portalında “Azərbaycanın şimalındakı “müəllimlərin tərkibi dəyişdi” sərlövhəli yazımdır”.

C. Məmmədli həmin yazıda ABŞ Sülh Korpusunun şimal bölgəsindəki bəzi nümayəndələrinin fəaliyyətini ciddi tənqid etdiyini və onları bəzi məsələlərdə ittiham etdiyini, Derek soyadlı amerikalının adını çəkdiyini söyləyib: “Fərqani Əliyev dedi ki, məhz buna görə işdən çıxarılmışam”.

C. Məmmədli bildirib ki, Azərbaycanda ABŞ-ı təmsil edən, demokratiya və söz azadlığından danışan beynəlxalq təşkilatın tutduğu mövqe ən azından rüsvayçılıqdır: “Söhbət məndən getmir. ABŞ daim Azərbaycanda jurnalistlərin sıxışdırılmasından, söz və mətbuat azadlığının boğulmasından, insanların əqidəsinə görə işdən çıxarılmasından dəm vurur. Məgər ABŞ-ı tənqid etmək yasaqdır?! Belə çıxır ki, ABŞ-ın söz və əqidə azadlığı barədə bəyanatları yalnız kütləyə hesablanmış və müəyyən siyasi məqsədlər güdən bir təzyiq vasitəsidir. Hesab edirəm ki, bütün bunlardan Azərbaycan iqtidarı, müxalifəti və xalqı müəyyən nəticə çıxarmalıdır”.

Yazıda adı çəkilən ABC Təhsil, İnkişaf və Liderlik Məktəbinin rəhbəri Fərqani Əliyev isə APA-ya açıqlamasında C. Məmmədlinin “Azərbaycanın şimalındakı “müəllimlərin tərkibi dəyişdi” adlı yazısından xəbərdar olduğunu desə də, onun işdən çıxarılmasının başqa səbəbi olduğunu söyləyib: “Onun işdən çıxarılmasının səbəbi işinin öhdəsindən gələ bilməməsi ola bilər. Partnyor təşkilat olaraq Xaçmaz ofisinin müəyyən maliyyəsini biz ödəyirik. Sözün düzü, onun işdən çıxarılıb-çıxarılmamasından dəqiq xəbərim yoxdur. Amma İREX əgər Cəmil Məmmədlini işdən çıxarıbsa, bu onun işinin öhdəsindən gələ bilməməsi ilə əlaqədardır. Çünki bizim mərkəzə gələndə ondan hansı kompyuter proqramlarını bildiyini soruşdum. Onun da dediyindən məlum oldu ki, yalnız “word” proqramında yazı yaza bilir, vəssalam. Ona dedim ki, siz icma nümayəndələri üçün təlim də keçəcəksiniz, başqa işlər olacaq, ona görə də sizin digər müvafiq kompyuter proqramlarını da bilməyiniz vacibdir. İndi bilmirəm o nə deyir. Amma mənim onunla açıq söhbəti olmayıb ki, Cəmil, sən filan şeyə görə işdən çıxarılmısan”.

İREX-in Azərbaycan Nümayəndəliyinin əməkdaşı Ülviyyə Məmmədova məsələ ilə bağlı bu təşkilatın hüquqşünasından açıqlama almağı tövsiyə edib.

Qurumun hüquqşünası Ələsgər Məmmədli isə APA-ya deyib ki, İREX-in Cəmil Məmmədli ilə heç bir müqaviləsi olmayıb: “Bizim onunla müqaviləmiz yoxdur ki, işçimiz sayılsın, sonra da işdən çıxarılsın. Yəni, bu, doğru deyil. Biz bir nəfəri administrator vəzifəsinə işə götürmək istəyirdik. Bunun üçün ilkin olaraq araşdırma aparılıb, həm də müvafiq işlə bağlı menecmentlik qabiliyyətinin olub-olmaması yoxlanılıb, Cəmil Məmmədlinin bir həftəlik sınaq müddətində bizim kriteriyallara uyğun olmadığı qənaətinə gəldik”.

Ə. Məmmədli C. Məmmədlinin yazısına görə işdən çıxarılması ilə bağlı iddiasının isə qəti şəkildə doğru olmadığını vurğulayıb: “O yazı haqqında mənim məlumatım yoxdur. Hətta belə bir yazı yazıbsa belə, onunla həmin yazıdan sonra əməkdaşlıq edilib. Əgər onunla hansısa əmək müqaviləsi bağlansaydı, sonra işdən çıxarılsaydı, dediklərində həqiqət payı ola bilərdi”.

Ə. Məmmədli İREX-in söz və ifadə azadlığını dəstəkləyən mövqedə olduğunu bildirib: “Bizim fəaliyyətimiz medianın inkişafına, jurnalistlərin azadlığına yönəlib, nəinki məhdudlaşdırmağa. Heç bizim ABŞ-ın Sülh Korpusu ilə əlaqəmiz də yoxdur ki, onlarla bağlı neqativ, yaxud pozitiv yazı xoşumuza gəlsin, ya gəlməsin...”


DOSTLARINLA PAYLAŞ:

oyunlar