Azərbaycanda işçilərlə niyə əmək müqaviləsi bağlanmır?
25 Avqust 2011 Cümə Axşamı 15:03
Taksi sürücüləri kiminlə müqavilə bağlamalı olduqlarını bilmirlər
Bu gün Azərbaycanda vətəndaşın pensiyası hesablanarkən onun sığorta staji və vətəndaşın pensiya fondlarına etdiyi sosial ödənişlərin məbləği əsas götürülür. Sadə dillə desək, çox işləyən və ödəmə edən şəxs gələcəkdə daha çox təqaüd alacaq. Bunun üçün isə vətəndaşların rəsmi formada işləməsi və maaş alması vacibdir. Bəs bu gün respublikada əmək müqavilələrinin bağlanması ilə vəziyyət necədir.

ANS TV-nin apardığı araşdırma nəticəsində məlum oldu ki, əmək müqaviləsi olmadan çalışma halları əsasən özəl sektorda, iaşə obyektlərində, nəqliyyatın bəzi sahələrində, eləcə də tikinti sferasında müşahidə edilir. İşçilər öz əmək hüquqları barədə məlumatsızdırlar və əmək müqaviləsinin imzalanmasının vacibliyini anlamırlar.

Bakıda taksi fəaliyyəti ilə məşğul olan Vüqar Səfərov bildirir ki, əmək müqaviləsi yoxdur. Elə əmək müqaviləsi barədə məlumatı da yoxdur: "İndi siz deyirsiz bilirəm".

Digər taksi sürücüsü Nağı Nağıyev isə bildirir ki, kiminlə əmək müqaviləsi bağlamalı olduğunu bilmir.

Bundan əlavə, vətəndaşlar pensiya yaşının yüksək olmasını əsas gətirərək heç təqaüd barədə düşünmədiklərini deyirlər. Qeyd edək ki, Azərbaycanda məcburi yaş kvotası 60, kişilər üçünsə 62-dir. Orta ömür müddəti isə ölkədə 67 yaşdır.

Bakı sakini Əflan İbrahimov da məsələyə bu aspektdən yanaşdı: "Kim yaşayır ki, o dövrə qədər? Hamısı bu saat infarktdan, şəkər xəstəliyindən ölüb gedir. Bu yandan da İranla sərhədlər açılandan sonra bütün Azərbaycanı narkomaniya bürüdü. İnsan ömrü də azalıb. Biz heç 62-63-ə çata bilirik ki?"

Ekspertlər hesab edir ki, mövcud vəziyyət işə götürənlərin maraqlarına uyğundur

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, vətəndaşların bu formada məsələyə yanaşması işə götürənlərin maraqlarına uyğundur:

"Xüsusən bu sektorlarda işə götürənlər belə müqavilələrin bağlanmasında maraqlı deyillər. Çünki onlar müqavilə bağlayanda artıq sosial ödənişlər etməlidirlər. Eləcə də vergi ödəməli və əslində aqrar sektor, tikintidə və digər sektorlarda işçilərin böyük bir qisminin müqaviləsinin olmaması birbaşa onunla bağlıdır ki, həmin sektorlar ikili mühasibatla fəaliyyət göstərir və praktik olaraq həmin sektorlarda çalışan iş adamları vergidən yayınırlar".

Ekspertin fikrincə. dövlət qurumları belə halların qarşısının alınması üçün daha effektiv fəaliyyət göstərməlidirlər.

Dövlət Sosial Müdafiə Fondu vtəndaşları akstiv olmağa çağırır

Bununla məşğul olan qurumlardan biri isə Dövlət Sosial Müdafiə Fondudur. Fond bəyan edir ki, vəziyyətin köklü surətdə dəyişməsi üçün vətəndaş aktivliyi tələb olunur.

Qurumun mətbuat kativi Elman Babayev deyir ki, sosial hüquqlarını əldə etmək üçün ilk növbədə əmək müqaviləsi imzalamalıdırlar və işlədikləri yerdə aldıqları əmək haqqının tam rəsmiləşdirilməsinə çalışmalıdır. Əks halda vətəndaş əmək müqaviləsi imzalamadan çalışırsa, heç bir sosial ödəniş hüququna malik olmur. Bura əmək pensiyası və məcburi sosial müavinətlər daxildir. Bir sıra müəssisələrdə isə əmək müqaviləsi mövcud olduğu halda əmək haqqının gizlədilməsi halları var. Bu da ki, özəl sektorda müşahidə olunur. Bu da ki, həm vətəndaşın gələcəkdə pensiyasının məbləğinin az olmasına gətirib çıxarır, həm də ki, bu fonda daxil olmanın səviyyəsinə təsir göstərir".

Orta aylıq təqaüdün həcminə görə Azərbaycam MDB-də 5-ci yerdədir

Qeyd edək ki, hazırda Azərbaycan əhalisinin 12%-i təqaüdçüdür. 1 milyon 290 min pensiyaçının 675 min nəfəri minimum, yəni 85 manat pensiya alır. Yeni pensiya sisteminə keçid ölkədə orta təqaüd məbləğinin 102 manatdan 150 manata qədər artmasına imkan verib. Azərbaycan bu göstəriciyə görə, MDB ölkələri arasında Rusiyanın liderlik etdiyi siyahıda beşinci yeri tutur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar