Azərbaycanda hərbi xidmətə çağırış üzrə Respublika Çağırış Komissiyasının tərkibi təsdiqlənib
29 Dekabr 2009 Çərşənbə Axşamı 12:40
Nazirlər Kabineti Azərbaycan vətəndaşlarının 2010-cu ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib.
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, Respublika Çağırış Komissiyasının sədri Respublika hərbi komissarının müavini, polkovnik Ramiz Məmmədov, müavini isə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Məhəmməd Abbasqliyev təyin edilib. Komissiyada digər əlaqədar dövlət təşkilatlarının - daxili işlər nazirinin, səhiyyə nazirinin, ədliyyə nazirinin müavinləri, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müavini və Milli Məclisin deputatı Siyavuş Novruzov təmsil olunacaq.
Nazirlər Kabineti Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına vətəndaşların həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görməyi tapşırıb.
Həmçinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə Muxtar Respublikanın Çağırış Komissiyasının tərkibini təsdiq etmək tapşırığı verilib. APA
DOSTLARINLA PAYLAŞ: