Ölkədə tətbiq olunan gömrük tariflərinin təkmilləşdirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmış “Azərbaycan Respublikası ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nin siyahısı Nazirlər Kabinetinə təqdim edilib.
Komitədən bildiriblər ki, son vaxtlar ölkədə sürətlə inkişaf edən istehsal sahələrinin təşkilinə və genişləndirilməsinə əlverişli şəraitin yaradılması, idxaldan asılılığın azaldılması, idxal yönümlü malların istehsalının stimullaşdırılması və yerli istehsalın xarici rəqabətin mənfi təsirindən qorunması sahəsində mühüm addımlar atılıb.
Sənəddə idxal mallarına münasibətdə gömrük-tarif mexanizminin təkmilləşdirilməsi, lüzumsuz tarif güzəştlərinin ləğvi, güzəştlərin konkret sahəni və dövrü əhatə etməsi, həmçinin beynəlxalq təşkilatların hazırda ölkəmizdə tətbiq olunan gömrük idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsi ilə bağlı tövsiyələri nəzərə alınıb. /AzərTAc/