“Azərbaycanda futbolun inkişafı uğurlu olacaq”
07 İyun 2011 Çərşənbə Axşamı 00:17
“İctimaiyyət və futbol azarkeşləri futbolçularımızdan yaxşı nəticələr, gözəl qollar və qələbələr gözləyirlər”
“Bu gün biz futbolumuzun 100 illik yubileyini qeyd edərkən gələcəyə ümidlərlə baxırıq. Ümid edirəm ki, Azərbaycanda futbolun inkişafı uğurlu olacaq. Azərbaycan dövləti futbolun inkişafı üçün lazımi tədbirləri görür”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun təməlinin qoyulması mərasimindəki çıxışında deyib. Onun sözlərinə görə, ölkədə futbolun inkişafına dair Dövlət Proqramı bir neçə ildir icra edilir: “Ölkə çempionatı maraq doğurur. Azərbaycanda futbolun kütləviliyinin təmin edilməsi üçün praktiki addımlar atılır. Həm dövlət qurumları, həm Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məqsədyönlü iş aparmaqla futbolun inkişafına böyük töhfə verirlər. Ümid edirəm ki, bu səylər nəticəsiz qalmayacaq, futbolçularımız beynəlxalq yarışlarda bizi sevindirəcəklər”.

“Futbolun inkişafı hər bir ölkə üçün vacibdir”, - deyən dövlət başçısı qeyd ediğ ki, futbol ən sevimli idman növüdür: “Azərbaycanda da belədir. Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz futbol seksiyalarına qoşulsunlar, futbolla məşğul olsunlar. Bunu etmək üçün indi şərait daha da yaxşıdır. Son illərdə ölkəmizdə bir neçə stadion istismara verilib. Futbol meydançaları tikilir. Yəni, futbolun kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda böyük işlər aparılır”.

Prezident bildirib ki, təməli qoyulan 65 min yerlik yeni, müasir, bütün beynəlxalq standartlara cavab verən möhtəşəm futbol arenası iki-üç il ərzində istismara veriləcək: “Stadionun tikilməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti futbolun inkişafına dəstəyini əsirgəmir. Bundan sonra da çalışacağıq ki, biz addımlarımızla futbolun inkişafına töhfə verək. Ancaq, əlbəttə ki, bizim ictimaiyyət və futbol azarkeşləri futbolçularımızdan yaxşı nəticələr, gözəl qollar və qələbələr gözləyirlər. Bu, bizim haqlı istəyimizdir. Ümid edirəm ki, görülən və bundan sonra görüləcək işlər, xüsusilə gənc futbolçularımızın yetişdirilməsi, seleksiya işinin düzgün təşkili nəticəsində futbolçularımız bizə futbol sevincini bəxş edəcəklər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar