Azərbaycanda ətin qiyməti süni şəkildə artırılır
13 May 2011 Cümə 06:48
Prezident İlham Əliyev süni qiymət artımı yaradanların kəskin cəzalandırılacağını deyib
Son vaxtlar ölkənin bəzi yerlərində mal ətinin qiyməti 0,7 faiz artıb. Əvvəllər, bir kilosu 6 manata satılan mal əti indi 6 manat 50 qəpik, hətta 7 manata satılır. Satıcılar mal ətinin bahalaşmasını bəzi rayonlarda qiymətlərin qaldırılmasıyla izah edir. Paytaxt bazarlarında aparılan müşahidələr zamanı məlum oldu ki, satış mərkəzlərinin bəzilərində mal əti, əvvəlki qiymətə, yəni, 6 manata satılır. Qiyməti artırmayan satıcılar da bölgələrdə mal ətinin bahalaşdığını söyləyir.

Arqar sahəni araşdıran mütəxəssislər hesab edir ki, məhsul istehsalçıları ilə satıcılar arasında birbaşa əlaqənin olmaması qiymət artımına təsir edir. Belə ki, məhsullar bazara bir neçə əldən keçərək çatdığından onun qiyməti də artır. Onların sözlərinə görə, ölkədə maaş və pensiyaların artırılacağı ilə bağlı xəbərlər bəzi insanları həvəsləndirib və onlar qiymətləri süni şəkildə artırır. Ekspertlər belə halların aradan qalıdırılması üçün tədarük şirkətlərinin yaradılmasını vacib sayırlar. Kənd təsərrüfatı nazirliyində də hesab edirlər ki, ölkədə mal ətinin bahalaşması üçün heç bir əsas yoxdur. Çünki, ölkədə tələbatdan artıq mal əti istehsal edilir. Məsələn, ötən il ölkədə 253 min 800 ton ət istehsal edilib ki, bu da tələbatdan çoxdur.

“Repblikanın heç bir raoyndunda qoyun və quzu əti bahalaşmayıb. Quzu əti hər yerdə 7.50, 8 manat, qoyun əti 6, 6.50 manatdır. Bərdədə mal əti 5-6 manata satılır. Dana əti bəzi rayonlarda 50 qəpik qalxıb. Biz soruşuruq niyə qalxıb, deyirlər yemin qiyməti bahalaşıb. Dana ətini qiymətini qaldırırlar 7, 7.50 manata. Əvvəldən 7 manat olub. Bu alverçilərin işidir. Süni olaraq narazılıq yaradır. Bu işbazlara məsuliyət tədbirləri görülməlidir. Suni olaraq bu dəqiqə mal və dana ətinin bahalaşması üçün heç bir əsas yoxdur” – deyə Kənd təsərrüfatı nazirliyində şöbə müdiri Çingiz Fərəcov bildirib.

Dövlət rəsmiləri son vaxtlar bahalaşmanın daha çox xaricdən gətirilən ərzaq məhsulları hesabına sürətləndiyini bildirir. Bununla belə, Dövlət statistika komitəsinin sədri Arif Vəliyev hesab edir ki, inflyasiyaya qiymətlərin süni şəkildə artırılması da təsir edir. “Son vaxtlar ət və digər ərzaq məhsullarının qiymətində müşahidə olunan bahalaşma süni xarakter daşıyır. Çünki biz bu məhsulları özümüz istehsal edirik, idxal etmirik”.

Qeyd edək ki, ilin ilk ayında sümüklü mal əti 2.4, fevralda-0.5, martda-1.1, apreldə isə 1.3 faiz bahalaşıb. Sümüksüz mal ətinin qiyməti ilin 2 ayında dəyişməsə də, martda-0.8, apreldə 0.6 faiz artıb. Qoyun əti isə yanvarda-3.1, fevralda-0.3, mart və apreldə 1.4 faiz bahalaşıb. Süni qiymət artımları ilə mübarizə məqsədilə iqtisadi inkişaf yanında dövlət antinhisar xidməti mütəmadi olaraq qiymətlərin monitorinqini aparır. Qurumda deyirlər ki, monitorinqlər nəticəsində qiymətləri süni artıranlar aşkarlansa, onlara qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcək. Qeyd edək ki, prezdent İlham Əliyev keçirdiyi müşavirələrdə, eləcə də müxtəlif regionlarda vətəndaşlarla görüşlərində dövlət başçısı bu mövzuda danışıb və tapşırıqlar verib: “Kim burada qiymətin süni şəkildə artımı ilə məşğul olmaq istəyirsə, özü üçün nəticə çıxarsın və fikirləşsin ki, onu hansı aqibət gözləyir. Biz özümüzü ətlə, meyvə-tərəvəzlə, başqa məhsullarla demək olar ki, təmin edirik, ixrac da edirik. Nə üçün o qiymət qalxmalıdır? Kim bundan istifadə edir? Bax kim istifadə edir, hələ ki gec deyil, düz yola dönsün, yoxsa cəza tədbirlərimiz çox güclü və təsirli olacaqdır”.

Prezident İlham Əliyev inhisarçılıq hallarına yol verən sahibkarlara da qanuna riayət edilmədiyi halda çox güclü və təsirli cəza mexanizmlərinin işə düşəcəyi barədə xəbərdarlıq edib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar