Azərbaycanda ən güclü zəlzələlərin ola biləcəyi bölgələrin adı açıqlanıb
18 İyul 2011 Bazar Ertəsi 15:13
Azərbaycanın hazırda mövcud olan seysmik təhlükəlilik xəritəsi doğru deyil.
"Azərbaycanın hazırda mövcud olan seysmik təhlükəlilik xəritəsi doğru deyil, orada kobud səhvlərə yol verilib". Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri Tahir Məmmədli bildirib. Onun sözlərinə görə, sözügedən xəritədə düzəliş eləmək üçün AMEA rəhbərliyinə məruzə olunub:

“Yəqin ki, bu barədə yaxın gələcəkdə ayrıca göstəriş olmalıdır. Həmin xəritə yenidən işlənməli və təsdiq olunmalıdır. Biz təyin eləmişik ki, Şamaxı-İsmayıllı, Qəbələ zonası 10 ballıq zəlzələ zonasıdır. Mövcud xəritədə isə bu ərazi 9 ballıq zona kimi göstərilir. Bakı xəritədə də göstərildiyi kimi, 8 ballıq zəlzələ zonasında yerləşir. Lənkəran-Astara zonası da həmin xəritədə 8 ballıq zona kimi qeyd olunub, lakin bizim tədqiqatlar bu ərazinin 9 ballıq zəlzələ zonası olduğunu aydınlaşdırıb. Gəncə zonası da 9 ballıq zəlzələ zonası sırasındadır. Ümumiyyətlə, Azərbaycanda ən güclü zəlzələ Şamaxı-İsmayıllı zonası, Qəbələ və Gəncədə gözlənilə bilər”.

Tahir Məmmədli bildirib ki, “Orta Şərqin zəlzələ modeli” beynəlxalq layihəsi çərçivəsində Yaxın və Orta Şərqin 15-ə qədər ölkəsi ilə birlikdə 3 ilə yaxındır, birgə araşdırmalar aparılır: “Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Suriya, İordaniya, İraq, Pakistan və digərlərinin iştirak etdiyi layihədə iştirakçı ölkələrin hansı ərazilərində və maksimum neçə bal gücündə zəlzələ olduğu müəyyənləşdirilir. Buna uyğun risk xəritəsinin hazırlanması nəzərdə tutulur”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar