Azərbaycanda elektron hökumət portalı yaradılacaq
22 Avqust 2011 Bazar Ertəsi 12:26
Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilmiş iclasda bildirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli Fərmanının icra vəziyyətinin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya iclasını giriş sözü ilə açaraq bu Fərmanın məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyalarından istifadə edilərək yeni formada təşkilinə, mümkün bürokratik əngəllərin, korrupsiya hallarının aradan qaldırılmasına, dövlət orqanlarının fəaliyyətinin səmərəliyinin və şəffaflığını artırılmasına xidmət edən vacib sənəd olduğunu bildirib, bu Fərmanın icrasının təmin edilməsi üçün RİTN-in mərkəzi icra hakimiyyəti orqanı, həmçinin əlaqələndirici kimi həyata keçirdiyi tədbirlərdən danışıb.
Kollegiyada Fərmanın icra vəziyyəti ilə bağlı çıxışlarda qeyd olunub ki, sənədin icrasını təmin etmək üçün nazirlik ilə digər mərkəzi icra hakimiyyəti orqanları arasında səmərəli fəaliyyət təşkil olunub və elektron xidmətlərin təşkili istiqamətində bir sıra işlər görülüb. Elektron xidmətlərin göstərilməsi ilə əlaqədar məsələlərin tənzimlənməsi məqsədilə Qaydaların və nümunəvi inzibati reqlamentin işlənilməsi həyata keçirilib, göstəriləcək elektron xidmətlərin siyahısı müəyyənləşdirilib və Nazirlər Kabinetinə təqdim edilib.
Dövlət orqanlarının, eləcə də elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi üçün infrastrukturun hazırlığı, elektron hökumət portalının yaradılması, dövlət orqanları arasında informasiya mübadiləsinin təmin edilməsi üçün işlərin aparıldığı, artıq 8 dövlət orqanı ilə elektron xidmətlərin işlənilməsi və onların elektron hökumət portalına qoşulması üzrə tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Kollegiyada nazirlik və tabeliyindəki qurumlar tərəfindən əhaliyə göstərilən xidmətlərin, xüsusən də telefon, internet, poçt xidmətləri sahəsində yaradılmış elektron xidmətlər nümayiş etdirilib.
Nazir Əli Abbasov kollegiyada yekun çıxışda elektron xidmətlərin təşkili üzrə bu mərhələdə görülən işlərin davam etdirilməsi, daha da genişləndirilməsi və əhaliyə göstərilən elektron xidmətlərin icrasına nəzarətin təmin edilməsi eyni zamanda, elektron xidmətlərin informasiya təhlükəsizliyinə diqqət yetirilməsinin vacibliyini xüsusi qeyd edib. Həmçinin Fərmanının icrası ilə bağlı digər mərkəzi icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətin davam etdirilməsini xüsusi vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: