Azərbaycanda dövlətin dinə müdaxiləsi yoxdur
13 İyun 2009 Şənbə 13:10
"Lakin Azərbaycan vətəndaşlarının ümumi həyatına daxil olan bir dəyər kimi dini fəaliyyətin tənzimlənməsinə ehtiyac var"

 

"Azərbaycanda dövlətin dinə müdaxiləsi yoxdur. Lakin Azərbaycan vətəndaşlarının ümumi həyatına daxil olan bir dəyər kimi dini fəaliyyətin tənzimlənməsinə ehtiyac var".  ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident Admnistrasiyasının ictimayi-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

O, hər bir ölkədə dini fəaliyyətin tənzimləndiyini qeyd edib. "Amma insanların öz etiqadlarının arxasınca getməsi və mərasimlərdə iştirak etməsi tam sərbəst və azaddır".

"Dini etiqad azadlığı" haqqında qanunda dəyişikliklərin bu məsələyə heç bir aidiyyatı olmadığını deyən şöbə müdiri, dəyişikliklərin yalnız Azərbaycanda  dini fəaliyyətin müəyyən çərçivəyə salınması, nizamlanmasını nəzərdə tutduğunu, bunun da normal hal olduğunu bildirib.

Xatırladaq ki, Milli Məclisin mayın 8-də keçirilmiş iclasında “Dini etiqad azadlığı haqqında” Qanuna əlavələr və dəyişikliklər edilib. Əlavə və dəyişikliklər əsasən dini qurumların qeydə alınması, reyestri, eləcə də qeydiyyatın ləğvi və fəaliyyətin dayandırılması qaydaları ilə bağlıdır. Yeni layihədə göstərilir ki, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dövlət qeydiyyatına alınmış dini qurum, onun dövlət qeydiyyatı üçün tələb olunan məlumatlarda və ya sənədlərdə hər hansı bir dəyişiklik olduqda bu barədə 20 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar