Azərbaycanda dövlət təşkilatları üçün xidməti avtomobillərin sayına məhdudiyyət qoyulur
19 İyul 2011 Çərşənbə Axşamı 17:32
Azərbaycanda dövlət təşkilatlarında istifadə olunan avtomobillərin sayına və sərf olunan yanacağın həcminə məhdudiyyət qoyulacaq.
“APA-Economics”in xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında nəzərdə tutulur.

Qərarda bildirilir ki, məqsəd dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək, bu sahədə nəzarəti gücləndirmək və normativ hüquqi bazanı təkmilləşdirməkdir. Qərarda dövlət büdcə təşkilatlarında istifadə olunacaq xidməti minik avtomobillərinin say həddi - limiti, eləcə də xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin normaları” təsdiq edilib.

Avtomobillərin sayı ilə bağlı say həddi - limit hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla, bütün dövlət qurumlarını əhatə edir. Bura mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri aiddir.

Avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin normaları isə hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla, digər bütün orqanlara aiddir.

Nazirlər Kabinetinin qərarı ilə rayon (şəhər) icra hakimiyyətlərinin malik ola biləcəyi avtomobillərin sayı da müəyyənləşdirilib. Qərara əsasən icra hakimiyyətinin başçısı, onun müavinləri, şəhər üzrə nümayəndəsi, qəsəbə və kənd nümayəndələri (əhalisinin sayı 10 min nəfərdən artıq olan), rayon (şəhər) məhkəmələrinin hər biri üçün 1 xidməti minik avtomobili, Bakı, Gəncə və Sumqayıt şəhər məhkəmələrinin hər biri üçün isə iki ədəd avtomobil nəzərdə tutulur. Dağlıq və dağətəyi rayonlarda rayon icra hakimiyyəti başçısına təhkim olunmuş xidməti minik avtomobili yüksəkkeçidli avtomobil kateqoriyasından ola bilər.

Qərarın ən maraqlı hissəsi dövlət orqanlarına məxsus avtomobillərin satışa çıxarılması ilə bağlıdır. Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən limitdən artıq olan xidməti minik avtomobillər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qanunvericiliyə uyğun olaraq satılacaq. Buna görə, qərarda dövlət qurumlarına tapşırılır ki, bu məqsədlə zəruri olan sənədləri ƏMDK-ya təqdim etsinlər.

Bundan başqa, Nazirlər Kabinetinin qərarında avtomobil nəqliyyatından səmərəli istifadə və israfçılığın qarşısının alınması üçün bəzi qadağalar və tələblər də müəyyənləşdirilib. Belə ki, qərara əsasən dövlət orqanlarında xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin icarəyə götürülməsinə yol verilmir. Bu, yalnız beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin həyata keçirilməsi vaxtı mümkün ola bilər.

Bundan başqa, dövlət orqanlarına tapşırılıb ki, xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər çərçivəsində alınması, təyinatı üzrə istifadəsi və saxlanılmasına nəzarəti gücləndirsinlər və bu sahədə neqativ hallara yol verilməsinin qarşısını alsınlar.

Qərarda mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, şəhər və rayon icra hakimiyyətlərinin başçılarına tapşırılıb və məhkəmə hakimiyyəti orqanlarının rəhbərlərinə tövsiyə edilir ki, rəhbərlik etdikləri orqanların strukturuna daxil olmayan, tabeliyində olan dövlət büdcəsindən maliyyələşən qurumlarda (idarə, müəssisə və təşkilatlarda) xidməti minik avtomobillərinin say həddinin (limitinin) müəyyən edilməsi barədə təkliflərini Maliyyə Nazirliyi ilə razılaşdırmaqla 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etsinlər.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları üçün xidməti minik avtomobillərinin sayı, aylıq yürüş həddi və onlar üçün istismar normativləri 3 ay ərzində müəyyən ediləcək. Xarici İşlər Nazirliyinə tapşırılıb ki, bunun üçün diplomatik nümayəndəliklərin və konsulluqlarının fəaliyyət göstərdikləri ölkələrin yerli şəraiti nəzərə alınmaqla bu normaları müvafiq qurumlarla razılaşdırsın.

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, şəhər və rayon icra hakimiyyətlərinin başçılarına tapşırılıb ki, rəhbərlik etdikləri dövlət orqanlarında və onların yerli bölmələrində, dövlət orqanlarının strukturuna daxil olmayan, tabeliyində olan dövlət büdcəsindən maliyyələşən qurumlarda (idarə, müəssisə və təşkilatlarda) bu qərarla müəyyən edilmiş normalara ciddi riayət olunmasına nəzarət etsinlər.

Nəhayət, qərarda Naxçıvan MR Nazirlər Kabinetinə də tapşırılıb ki, Muxtar Respublikanın büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar tərəfindən xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin alınması və istismarı zamanı büdcə vəsaitlərinin səmərəli istifadə olunmasını təmin etmək məqsədilə müvafiq qərar qəbul etsin.

Bu qərarla xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin normaları da təsdiqlənib. Normalara əsasən xidməti minik avtomobilləri üçün aylıq yürüş həddi 2000 km, yük avtomobilləri, avtobuslar və xüsusi təyinatlı avtonəqliyyat vasitələri üçün 1500 km, motosiklet və motorollerlər üçün 500 km, qonaqlara xidmət edən minik avtomobilləri üçün 1000 km müəyyənləşdirilib. Aylıq yürüş normaları I-VI kateqoriyalı dövlət orqanlarının rəhbərlərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına xidmət edən nəqliyyat vasitələri üçün 40%, onların birinci müavinlərinə və müavinlərinə xidmət edən nəqliyyat vasitələri üçün 20% artırılır. Avtomobillərin 100 km yürüşə görə yanacaq sərfi norması həmin avtomobillərin texniki göstəricilərinə əsasən müəyyənləşdirilir, ilin fəsillərindən və ya iş şəraitindən asılı olaraq dəyişdirilə bilər.

Qərarda dövlət orqanları üçün minik avtomobillərinin say həddi - limit də müəyyənləşib. Bu limitə görə rayon (şəhər) icra hakimiyyətləri və onların tərkibindəki orqanların minik avtomobilləri istisna olmaqla dövlət orqanlarına 1173 minik avtomobili veriləcək.

Limitə əsasən ən çox xidməti avtomobil Maliyyə və Vergilər Nazirlikləri üçün nəzərdə tutulub - 83 avtomobil. Gənclər və İdman Nazirliyi və Dövlət Statistika Komitəsi üçün 81 avtomobil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üçün 80 avtomobil nəzərdə tutulub. Qalan dövlət təşkilatlarına ayrılan avtomobillərin sayı bundan azdır, bəzi orqanlara ayrılan maşınlarının sayı 2-3-dür. Nazirlər Kabinetindən APA-ya bildiriblər ki, hazırda dövlət orqanlarının istifadəsində olan avtomobillərin sayı limitlə müəyyən olunacaq və şəhər rayon icra hakimiyyətlərinin qurumları üçün ayrılacaq avtomobillərdən 200-300 ədəd artıqdır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar