Azərbaycanda Beynəlxalq meşələr ilinin rəsmi açılışı oldu
02 Aprel 2011 Şənbə 17:49
Ekologiya naziri Hüseynqulu Bağırov bununla bağlı keçirilən iməclikdə iştirak edib.
Beynəlxalq Meşələr İlinin Azərbaycanda rəsmi açılışı ilə əlaqədar bu gün Sabunçu dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun Suraxanı dairəsindən Hava Limanına gedən yolun sol tərəfində iməcilik təşkil olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iməcilikdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov başda olmaqla, nazirliyin əməkdaşları, BMT-nin ölkə üzrə rəhbərliyi və QHT nümayəndələrinin iştirakı ilə 5 hektar sahədə 4000 ədəd zeytun ağacı əkilib.
Nazirin sözlərinə görə, bütövlükdə 60 hektar ərazidəki bataqlıq sahəyə 1050 min m3 torpaq gətirilərək qurudulub və 39 hektar ərazidə artıq zeytun ağacları əkilib: “Beynəlxalq Meşələr İli Azərbaycanda da meşəbərpa tədbirlərinin daha geniş miqyasda aparılması ilə müşayiət olunur. Bununla əlaqədar cari ildə nazirlik tərəfindən 10500 hektar sahədə meşəbərpa tədbirləri, 161 ton toxum tədarükü və 30 milyon ədəd əkin materiallarının yetişdirilməsi nəzərdə tutulub”.
H. Bağırov bildirib ki, Azərbaycanın ümumi meşə fondu 1213,7 min hektar, o cümlədən meşə ilə örtülü sahə 1021 min hektardır: “Bu da respublika ərazisinin 11,8 faizini təşkil edir və Azərbaycan az meşəli ölkələr sırasına daxildir. Eyni zamanda, son 15 il ərzində meşəbərpa tədbirlərinin həcmi 2 dəfə çoxaldılıb ki, bunun nəticəsində də meşə ilə örtülü sahələr 0,4 faiz artırılaraq 11,4 faizdən 11,8 faizə çatdırılıb. Ölkəmizin meşə ehtiyatlarının 49 faizi Böyük Qafqaz regionunun, 34 faizi Kiçik Qafqaz regionunun, 15 faizi Talış zonasının və 2 faizi Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal olunub. Azərbaycanda adambaşına 0,12 hektar meşə sahəsi və 14,5 m3 oduncaq düşür”.
ETSN rəsmisi deyib ki, Azərbaycan meşələrinin müasir vəziyyəti bu istiqamətdə daha effektiv və məqsədyönlü tədbirlərin həyata keçirilməsini tələb edir: “Belə ki, keçmiş SSRİ dövründə Respublika meşələrində ildə 300-350 min m3 həcmində oduncaq tədarük edilirdi. Sonralar bu rəqəm ilbəil azaldılaraq 100-120 min m3-ə endirilib. 1991-ci ildən Nazirlər Kabinetinin müvafiq qərarı ilə sənaye əhəmiyyətli qırıntılar dayandırılıb, Azərbaycan meşələrinin susaxlayıcı, torpaqqoruyucu, iqlimtənzimedici, sanitar-estetik və s. faydalı funksiyaları nəzərə alınaraq I qrupa aid edilmiş və qırıntılar minimuma endirilib .
Xatırladaq ki, hazırda meşələrdə yalnız köküstə qurumuş, xəstə ağacların kəsilməsi və meşələrin tör-töküntüdən təmizlənməsi hesabına 35-40 min m3 oduncaq tədarük edilir.
Qeyd edək ki, meşələrin dünyada 1,6 milyard insanın yaşayışını, milyonlarla flora və fauna növü üçün həyat sahəsini təmin etməsi, o cümlədən iqlim dəyişikliyinin mənfi nəticələrinin qarşısının alınmasında oynadığı mühüm rolu nəzərə alınaraq BMT-nin Baş Assambleyası 2011-ci ili Beynəlxalq Meşələr İli elan edib. Əsas mövzusu “İnsanlar üçün Meşələr” olan Beynəlxalq Meşələr İlinə rəsmən 2 fevral 2011-ci il tarixində start verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: