Azərbaycanda balığın qiyməti bahalaşıb
19 İyul 2011 Çərşənbə Axşamı 11:18
Statistika Komitəsi aylıq hesabatını açıqlayıb. Azərbaycanda balığın qiyməti bahalaşıb.
İyun ayında diri heyvanlar və heyvandarlıq məhsulları 0,1 faiz bahalaşıb. Bu istehsalçı qiymətlərinin 3,5 faiz artması nəticəsində baş verib.
Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, bahalaşma ilə yanaşı ay ərzində bitkiçilik məhsullarından birillik bitkilərin istehsalçı qiymətləri 2,8 faiz ucuzlaşıb. Çoxillik bitkilərin istehsalçı qiymətləri isə əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 1,7 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 4,6 faiz, kələmin 1,5 faiz, soğanın 8,2 faiz, kartofun 1,6 faiz, pomidorun və xiyarın müvafiq olaraq 7,5 və 1,0 faiz, quru otun istehsalçı qiymətləri isə 5,5 faiz ucuzlaşıb. Bununla yanaşı ay ərzində qarğıdalının istehsalçı qiymətlərində 9,5 faiz, göyərtilərin 1,2 faiz, süfrə çuğundurunun 3,1 faiz, göy soğanın istehsalçı qiymətlərində 0,6 faiz bahalaşma müşahidə olunub.
Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 0,8 faiz, armudun 0,4 faiz, albalının 33,5 faiz, alçanın 24,0 faiz, çiyələyin 0,6 faiz, fındığın istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 3,2 faiz, inəyin 0,4 faiz, erkək buzovun 0,9 faiz, ana qoyunun 0,3 faiz, inək südünün istehsalçı qiymətləri 16,2 faiz bahalaşıb, camışın istehsalçı qiymətləri 1,3 faiz, bir yaşdan yuxarı quzunun 3,4 faiz, camış südünün 1,4 faiz, toyuq yumurtasının 8,2 faiz, qırxılmış yuyulmamış yunun istehsalçı qiymətləri isə 0,8 faiz ucuzlaşıb.
İyun ayı ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 2,0 faiz bahalaşma müşahidə olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: