Azərbaycanda arxeoloji turlar təşkil olunacaq
20 İyun 2011 Bazar Ertəsi 20:52
Məqsəd gənc nəsli ölkəmizdə aparılan arxeoloji qazıntılarla tanış etməkdir.
Bakının Səbayel rayonunda yerləşən Badamdar Qəsəbə Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Gənc turist” klubu iyul ayından etibarən “Azərbaycan tarixi - arxeoturizm” layihəsinin həyata keçirilməsinə başlayacaq. Bu barədə ANS PRESS-ə klubun rəhbəri Cəfər Mənsimi məlumat verib. O bildirib ki, layihənin keçiriləcəyi iki ay ərzində gənclər və yeniyetmələr üçün arxeoloji turlar təşkil ediləcək. Məqsəd gənc nəsli ölkəmizdə aparılan arxeoloji qazıntılarla tanış etmək və bu yolla vətənimizin tarixini dərindən öyrənməyə kömək etməkdir.

Arxeoloji turizm layihəsinə qatılanlar qruplara bölünərək həftədə bir dəfə bir neçə arxeoloji düşərgəyə baş çəkəcək, oradakı işlərlə tanış olacaq, arxeoloqlarla və tarixçilərlə görüşəcəklər. Turlar zamanı çəkilən fotoşəkillər internetdə yerləşdiriləcək, sosial şəbəkələrdə yayımlanacaq.

Layihə ilə bağlı Bakı Şəhəri Mədəniyyət və Turizm İdarəsinə müraciət olunduğunu qeyd edən C. Mənsimi vurğulayıb ki, müraciətə müsbət cavab verilərsə, layihəyə iyul ayının 1-dən start veriləcək və iki ay ərzində hər həftənin istirahət günləri Azərbaycanın müxtəlif yerlərinə səfərlər təşkil ediləcək.

Bu qəbildən ilk səfərin MİRAS İctimai Birliyinin təşəbbüsü ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə layihəsi əsasında qədim Ağsu şəhəri ərazisində aparılan irimiqyaslı qazıntı sahəsinə edilməsi nəzərdə tutulub. Sonda görülən işləri əks etdirən kitab-kataloqun hazırlanacağı planlaşdırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar