Azərbaycanda 60-dək hakim məhkəmə sistemindən kənarlaşdırılıb
22 İyun 2011 Çərşənbə 00:55
Respublikanın bütün rayon, şəhər və apellyasiya məhkəmələri sədrlərinin və hakimlərin iştirakı ilə müşavirə keçirilib.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında və məhkəmə səhvlərinin aradan qaldırılmasında hakimlərlə birgə müzakirələrin əhəmiyyəti nəzərə alınaraq respublikanın bütün rayon, şəhər və apellyasiya məhkəmələri sədrlərinin və hakimlərin iştirakı ilə geniş seminar-müşavirə keçirilib. AzərTAc xəbər verir ki, 250-dən çox hakimin iştirak etdiyi müşavirədə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə islahatlarının müsbət nəticələrini qeyd edib, iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayının 2 dəfə artırıldığını, yeni mütərəqqi qaydalarla seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünasın hakim vəzifələrinə təyin edildiyini, hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə 60-dək hakimin məhkəmə sistemindən kənarlaşdırıldığını bildirib, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, insan haqlarının təmin olunması sahəsində məhkəmələrin qarşısında duran mühüm vəzifələri vurğulayıb.
Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən müşavirədə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələbləri, Avropa Məhkəməsinin presedent hüququnun tətbiqi vəziyyəti və mövcud problemlər müzakirə edilib. Həmçinin həbs qətimkan tədbirinin seçilməsi və mülkiyyət əleyhinə olan cinayət işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticələri barədə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun və hakim Fərhad Kərimovun geniş məruzələri dinləniliğ, yol verilən nöqsanlar, onların aradan qaldırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Həmçinin iclasda, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov məhkəmə monitorinqlərinin nəticələri barədə məlumat verib, məhkəmə fəaliyyətində mövcud olan problemləri, o cümlədən bəzi hakimlər tərəfindən çəkişmə prinsipinin, müdafiə hüququnun real təmin olunmamasını, Etik Davranış Kodeksinin tələblərinə lazımi diqqət yetirilməməsini, süründürməçilik və digər mənfi hallara yol verilməsini diqqətə çatdırıb, belə halların aradan qaldırılması üçün qəti tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
Müşavirədə Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyev “Apellyasiya icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsində aşkar olunan problem və nöqsanlar”, Ədliyyə Nazirliyinin İnsan Hüquqları İdarəsinin rəis müavini Adil Əbilov “Avropa Məhkəməsinin islahatı: İnterlaken və İzmir bəyannamələrindən irəli gələn vəzifələr” mövzularında məruzələrlə çıxış ediblər.
İclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və mövcud problemlərin aradan qaldırılması ilə bağlı geniş müzakirələr aparılıb, müvafiq təkliflər irəli sürülüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: