Azərbaycanda 16 bələdiyyə ilə bağlı materiallar prokurorluğa göndərilib
16 Avqust 2011 Çərşənbə Axşamı 03:22
Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib
Ədliyyə Nazirliyində kollegiya iclası keçirilmişdir. ANS PRESS-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, kollegiyada çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdiyini qeyd edib.

Bildirilib ki, cari ildə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş çoxsaylı qanunvericilik aktlarının işlənilməsində nazirlik fəal iştirak edib, 159 normativ hüquqi akt layihəsi hazırlanmış, 612 akt hüquqi ekspertizadan keçirilib. İnzibati nəzarət qaydasında 16 minə yaxın bələdiyyə aktı yoxlanılıb, nazirliyin təklifləri əsasında 400-ə yaxın akt qanuna uyğun olmadığından dəyişdirilib və ya ləğv edilib, 16 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib.

Nazirlik tərəfindən beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə tədbirlər davam etdirilmişdir. Mərakeş, Rusiya, Gürcüstan və s. dövlətlərlə mühüm ikitərəfli sənədlər imzalanıb.

Özündə 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası təşkilatın işinə dövlətimizin fəal dəstəyini layiqincə qiymətləndirmiş, Ədliyyə Nazirliyi və Baş Prokurorluğu yüksək mükafatlarla təltif edib.

İclasda mövcud nöqsanlara və qarşıda duran vəzifələrə toxunulmuş, penitensiar sistemdə əməliyyat və tərbiyə işinin gücləndirilməsi, məhkəmə qərarlarının icrasına nəzarətin artırılması, əhaliyə göstərilən hüquqi xidmətlərin və vətəndaşların müraciətlərinə baxılması prosedurunun daha da yaxşılaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi və digər məsələlər müzakirə olunub.

Kollegiyada “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) Ədliyyə Nazirliyinin üzərinə qoyulmuş əlavə vəzifələr vurğulanıb.

Qeyd edilib ki, həmin sənədin icrası çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi xidmətlər göstərən regional hüquqi məsləhət mərkəzlərinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, habelə bələdiyyələrin və QHT-lərin davamlı inkişafının təmin edilməsi və digər tədbirlər həyata keçirilir.

Eyni zamanda, ədliyyə sistemində mövcud vakansiyaların doldurulması məsələsi müzakirə olunub, son illər keçirilmiş 5 müsabiqə nəticəsində 223 hüquqşünasın ədliyyə orqanlarında işlə təmin olunması qeyd ediliv, kadrlara olan ehtiyac nəzərə alınaraq, növbəti müsabiqənin keçirilməsinin zəruriliyi vurğulanmışdır. Bununla əlaqədar işə qəbul prosedurlarının xeyli sadələşdirilməsi qərara alınaraq nazirliyin internet saytı vasitəsilə müraciətlərin qəbulu üçün elektron texnologiyaların tətbiqinə dair tapşırıqlar verilib.

Kollegiyada, həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar