Azərbaycanda 11 uşaqlı ailə
11 Aprel 2011 Bazar Ertəsi 12:13
Ağdaş rayonunda iki otaqlı evdə yaşayan ailənin yalnız 3 uşağı təhsil ala bilir
Ölkəmizdə hər gün yeni doğulan uşaqların sayının artması hamımızı sevindirməlidir ki, günü-gündən vətəndaşlarımızın sayı artır. Azərbaycanda çox uşaqlı ailələr barmaqla sayıldığı bir halda bəzən belə uşaqlar dövlətin onlara ayırdığı diqqətdən uzaqda qalır. Belə çox uşaqlı ailələrdən biri də Ağdaşda yaşayan 11 uşaqlı Kazımovlar ailəsidir.
1991-ci ildə ailə quran Gülbəniz və Yasəf cütlüyünün ilk övladı 1992-ci ildə, sonuncu uşaqları isə bir neçə ay bundan əvvəl 2011-ci ilin yanvarında dünyaya gəlib. Ailədə sonuncu uşağa Milli qəhrəman Mübariz İbrahimovun adını qoyublar. Ümumilikdə uşaqların sayı 11 nəfərdir ki, bunlardan 8-i oğlan, 3-ü qızdır. Artıq oğlanların ilki hərbi xidmətdədir, digəri isə yaxın vaxtlarda hərbi xidmətə çağrılacaq.
Çox uşaqlı ailənin ən önəmli problemlərindən biri də uşaqların təhsili ilə bağlıdır. Valideynlərin sözlərinə görə, uşaqlardan 5-nin yaşı məktəbə çatsa da, maddi imkansızlıqdan yalnız 3-ü təhsil ala bilir.
“Mən hökumətin əsgərini böyüdürəm. Mənim kimisinə hörmət qoyulmursa, daha nə deyim? Paltar, ayaqqabı almağa gücüm çatmir. Yeməklərini güclə çatdırıram”, deyə ana Gülbəniz Qasımova bildirib.
Qeyd edək ki, ailənin bir müddət öncə evi də dağılıb. Bu səbəbdən ailə uşaqların xalası Aybəniz Qasımovanın iki otaqlı evinə sığınmalı olub. Xalanın sözlərinə görə, ailənin evi zəlzələ nəticəsində uçub.
DOSTLARINLA PAYLAŞ: