Azərbaycanda 1 ay işıqsız qalan kənd - Ölcələr kəndi
08 Aprel 2014 Çərşənbə Axşamı 10:43
Ölcələr kəndində bir aya yaxındır elektrik enerjisinin verilişində problemlər yaranıb
İmişli rayonu Ölcələr kəndində bir aya yaxındır elektrik enerjisinin verilişində problemlər yaranıb. Bu barədə kənd sakinləri ANS PRESS-ə şikayət ediblər. Sakinlərin sözlərinə görə, martın 16-da kənd ərazisində işıq transformatorunun yanması nəticəsində kəndə verilən işıq kəsilib. O gündən bu günə kimi kəndin işığı kəsilib.
“Bayramı da işıqsız keçirtmişik. Maraqlanmışıq, işıq idarəsindən deyirlər ki, transformator yanıb. Pul yoxdur düzəltməyə. Camaata deyirlər ki, siz pul yığın, düzəldək. Bilmirik dərdimizi kimə deyək”, - deyə kənd sakini Anar Əliyev bildirib.
Məsələ ilə bağlı kəndin elektriş idarəsinin əməkdaşı Mansur Tarıyevlə əlaqə saxladıq. Mansur Tarıyevin ANS PRESS-ə verdiyi məlumata görə, həqiqətən də transformatorun yüksək gərginli hissəsi yanıb. Lakin əhaliyə verilən işıq kəsilməyib. Hətta Mansur Tarıyev ANS PRESS-ə gileyləndi.
“Məsələ ilə bağlı İmişli rayon Elektrik Şəbəkəsinə məlumat vermişik. Lakin hələlik məsələyə laqeyid münasibət bəsləyirlər. 60-cı illərdə çəkilən elektrik xətləridir. Köhnə xətlərdi. Hamısı yenilənməlidir. Deyirlər ki, bütün xətlər yenilənəcək. İndi gözləyirik”, - deyə Mansuz Tarıyev bildirib.
Məsələ ilə əlaqədar İmişli rayon Elektrik Şəbəkəsinin müdir əvəzi Məhəmmədəli Kazımovun ANS PRESS-ə verdiyi məlumata görə, deyilənlərin hamısı yalandır.
“Bu dəqiqə kənddə işıq var. İmişli rayonunda heç bir kənddə elektrik transformatoru yanmayıb. Sırağagün rayonda güclü külək idi. Onda problem yaranmışdı. 1-2 saat işıq olmadı. Dərhal problemləri aradan qladırdıq”, - deyə Məhəmmədəli Kazımov vurğulayıb.
Onun sözlərinə görə, rayonda elektrik enerjisi 24 saat verilir. Heç bir işıq kəsilməsi yoxdur. Bir sözlə, “gül-gülü çağırır, bülbül-bülbülü”.
DOSTLARINLA PAYLAŞ: