Azərbaycan və Çexiya prezidentləri görüşüb
17 May 2011 Çərşənbə Axşamı 11:41
Prezidentlər Azərbaycan–Çexiya münasibətlərinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından əhəmiyyətini qeyd ediblər
Bu gün Azərbaycanda rəsmi səfərdə olan Çexiya prezidenti Vatslav Klausun rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi örezident İlham Əliyevə raport verib.
Azərbaycan prezidenti İlham Əliyev Çexiya prezidenti Vatslav Klausu və xanımı Liviya Klausovanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Çexiya prezidentinə raport verib. Çexiyanın və Azərbaycanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçibər. Çexiya prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Vatslav Klausa, Çexiya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər və Çexiyanın birinci xanımı rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Çexiya prezidenti Vatslav Klausun təkbətək görüşü olub. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Dövlət başçıları ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildiriblər. Prezidentlər Azərbaycan–Çexiya münasibətlərinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından əhəmiyyətini qeyd ediblər.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: