Azərbaycan və Çexiya arasında 3 sənəd imzalanıb
17 May 2011 Çərşənbə Axşamı 12:55
İki ölkə arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb
Bu gün prezident İlham Əliyevin və Çexiya prezidenti Vatslav Klaus arasında təkbətək görüş başa çatdıqdan sonra, nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar baş tutub. Görüş başa çatdıqdan sonra Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsi arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Çexiya Respublikası Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsinin prezidenti Milan Holeçek imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”i Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə və Çexiyanın Azərbaycandakı səfiri Radek Matula imzalayıblar.
“Azərbaycan Respublikası və Çexiya Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə və Çexiyanın Azərbaycandakı səfiri Radek Matula imzalayıblar.
DOSTLARINLA PAYLAŞ: