"Azərbaycan təcavüzə məruz qalsa da, sülh istəyir"
19 May 2011 Cümə Axşamı 22:37
“Qoy Bordyuja cavab versin ki, niyə belə olan halda münaqişə həll olunmur?!”
Okeanın o tayından Dağlıq Qarabağ münaqişəsinin həlli istqamətində yeni fikirlər səslənib. Birləşmiş Ştatların dövlət katibinin köməkçisi Filipp Qordon sülh sazişi üzərində işə başlamağın vaxtının çatdığını deyib. Bunun ardınca isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Barduja İrəvanda təcavüzkar Ermənistanın yanında Azərbaycanı regionda vəziyyəti gərginləşdirməkdə ittiham edib.
Bəlli olduğu kimi, ABŞ dövlət katibinin köməkçisi Filipp Qordon Senatın xarici əlaqələr komitəsinin Avropa işləri üzrə alt komitəsində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin baza prinsiplərini təsdiqləməyin, sülh sazişi üzərində işə başlamağın vaxtının çatdığını, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu ilə qarşılıqlı əlaqələrin artıracağını deyib. Qəribədir ki, bu xəbərdən dərhal sonra İrəvanda “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Cənubi Qafqaz: regionda sülh və təhlükəsizlik perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanı üzv olduğu hərbi blokun imkanları ilə hədələyib. KTMT-nin baş katibi Nikolay Bordyujanın susqunluğu isə dolayısı ilə Ermənistanın müdafiə nazirinin dediklərinə şərik olduğuna eyham vurub. Bu azmış kimi, N. Bordyuja “Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət Azərbaycanın militarist ritorikası sayəsində son dərəcə gərginləşib” deyə bəyanat verib. Eyni zamanda qeyd edib ki, təhlükə ocağının qalması istənilən an hərbi münaqişənin başlamasına səbəb olacaq.
Hərbi ekspert Cəsur Sümərinlinin sözlərinə görə, Ermənistan müdafiə nazirinin bəyanatı heç bir reallığa sığmır: “Çünki söhbət Ermənistanın işğal etmiş Azərbaycan ərazilərindən gedir. Azərbaycan hər hansısa hərbi əməliyyata başlasa, bunu Ermənistana qarşı başlamayacaq. Bu hərbi əməliyyatlar Azərbaycan ərazilərinin azad olunması istiqamətində olacaq. Təbii ki, bunun da heç kimə aidiyyatı yoxdur”.
Politoloq Ərəstun Oruclu isə deyir ki, Nikolay Bordyuja bu bəyanatla baş verə biləcək hərbi əməliyyatlara görə, məsuliyyəti Azərbaycanın üzərinə atmaq istəyir: “Görünür, Ermənistanın daxili ictimai-siyasi durumu Rusiyanın müəyyən çevrələrini narahat edir və onlar vəziyyətdən çıxış yolunu hərbi əməliyyatları təzələməkdə görürlər. Bir də ki, bunun məsuliyyəti Azərbaycanın üzərinə atmaq istəyirlər. Yaxşı olardı ki, cənab Bordyuja Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini və bu səbəblərin yaradan dövləti də xatırlayardı”.
Politoloq deyir ki, Ermənistan işğal olunmuş ərazilərdə, konkret olaraq Ağdam rayonunda hərbi təlimlər keçəndə, nədənsə Rusiya bu münasibəti bildirmirdi: “Amma Azərbaycanın ritorikasını Rusiya baş verə biləcək münaqişənin alovlanmasına görə səbəb kimi göstərir”.
Azərbaycanın Müdafiə Nazirliyi isə Nikolay Bordyujanın səsləndirdiyi bəyanatı əsassız sayır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib ki, Bordyuja yaxşı olar ki, indi regionda yaranmış vəziyyətin əsl yaranma səbəblərini açıqlasın: “Bordyuja bilirmi ki, kimdir işğalçı? Mən onun səmimiyyətinə inanmıram. Bəli, biz öz ordumuzu gücləndiririk. Bu bizim suveren hüququmuzdur və beynəlxalq qanunlara da zidd addım deyil”.
E. Sabiroğlunun sözlərinə görə, Azərbaycan təcavüzə məruz qalsa da, sülh istəyir: “Qoy Bordyuja cavab versin ki, niyə belə olan halda münaqişə həll olunmur?!”
DOSTLARINLA PAYLAŞ: