Azərbaycan Silahlı Qüvvələri ötən ay 12 hərbçisini itirib
05 İyun 2009 Cümə 14:55
Cari ilin may ayında Azərbaycan Silahlı Qüvvələri müxtəlif səbəblərdən 12 hərbi qulluqçusunu itirib, 9 hərbçi isə yaralanıb və ya xəsarət alıb.
APA-nın bildirdiyinə görə, bu barədə Müdafiə və Təhlükəsizlik sektoruna İctimai Nəzarət Koalisiyasının may ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında məlumat verilib.

Koalisiyanın üzvü, Hərbi Analitik Tədqiqatlar Mərkəzinin rəhbəri İldırım Məmmədov bildirib ki, 2 hərbi qulluqçu erməni gülləsindən, 6 hərbçi qeyri-nizamnamə səbəbindən, 2 nəfər yol qəzasında, 2 nəfər isə hələlik naməlum səbəbdən dünyasını dəyişib. Bundan əlavə, ötən ay 164 hərbi qulluqçu zəhərlənib, 1 hərbçi isə əsir düşüb.

«May ayı ordu üçün çox uğursuz oldu. Zəhərlənmə hadisələrin kulminasiya nöqtəsi olsa da, mayın 23-də Seyfəli poliqonunda əsgərin öz yoldaşlarını, eləcə də Naxçıvanda bir əsgərin komandirini, başqa bir əsgəri və özünü güllələməsi Silahlı Qüvvələrdə vəziyyətə nəzarətin artırılmasını tələb edir», - deyə İ. Məmmədov vurğulayıb.

Koalisiyanın sədri Yaşar Cəfərli isə bildirib ki, ümumilikdə 2009-cu ilin yanvar-may aylarında Azərbaycan Silahlı Qüvvələrində baş vermiş itkilərin sayı 35-40 nəfər,
yaralanan və xəsarət alanların sayı isə 20 nəfərə yaxındır. İtkilər 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 62% artıb. Koalisiyasının əldə etdiyi məlumatlara görə, itkilərin 10-u döyüş (8-i erməni gülləsi, 2-si mina partlayışı), qalanları isə qeyri-döyüş itkiləridir. Müvafiq dövrdə qeyri-nizamnamə hərəkətlərindən 12, xəstəlikdən isə 2 hərbi qulluqçu dünyasını dəyişib, 2 hərbi qulluqçu intihar edib. Bundan başqa, 2 hərbi qulluqçu yol qəzasından, 2-si isə hələlik naməlum səbəbdən dünyasını dəyişib.

Ötən müddətdə dünyasını dəyişmiş hərbi qulluqçuların 1-i Dövlət Sərhəd Xidmətinin, qalanları isə Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.

Koalisiya ekspertlərinin fikrincə, Silahlı Qüvvələrdə qeyri-nizamnamə, intihar halları və bədbəxt hadisələr artan xətt üzrə inkişaf edir. Ekspertlərin hesablamalarına görə, 2003-2009-cu illərdə - 77 ay müddətində Azərbaycan Silahlı Qüvvələri ən azı 361 hərbi qulluqçusunu itirib. Onun 144 nəfəri döyüş (120 nəfəri erməni gülləsi, 21 nəfər mina və sursat partlayışı, 3 nəfər əməliyyat tədbirləri), 217 nəfəri isə qeyri-döyüş (46 nəfər intihar, 29 nəfər qəza, 72 nəfər qeyri-nizamnamə hərəkətləri, 51 nəfər bədbəxt hadisələr, 19 nəfər müəmmalı və naməlum vəziyyətlər) itkisidir. Ümumilikdə 2003-cü ildən bəri bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 278 nəfərdən çoxdur.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar