Azərbaycan-Rusiya sərhəddində problem həll olunur
21 Aprel 2011 Cümə Axşamı 19:19
Qonşu ölkəyə keçmək istəyən sərnişin avtobuslarının növbəsi aradan qaldırılıb.
Azərbaycan-Rusiya sərhəddində yaranmış sıxlıq problemi həll olunmaq üzrədir. ANS TV-nin Qusar bürosunun məlumatına görə, Azərbaycandan Rusiya şəhərlərinə gedən avtobusları Dağıstanın Gömrük Keçid Məntəqəsi qəbul etmirmiş.
Məlumata görə, Rusiya-Azərbaycan sərhədində yerləşən “Samur” Gömrük Keçid Məntəqəsinin qarşısında qonşu ölkəyə keçmək istəyən sərnişin avtobuslarının növbəsi artıq aradan qaldırılıb.
Xatırladaq ki, aprelin 20-si səhər saatlarından “Samur” Gömrük Keçid Məntəqəsinin girəcəyində Rusiya istiqamətinə hərəkət edən avtobusların böyük növbəsi yaranmışdı. ANS TV-nin çəkiliş qrupu bu gün günün ikinci yarısında yenidən “Samur” Gömrük Keçid Məntəqəsində olarkən, artıq burada 9-10 avtobusun qaldığını, nəqliyyat vasitələrinin qısa fasilələrlə qonşu ölkə istiqamətinə hərəkət etdikləri müşahidə edilib.
“Samur” Gömrük Keçid Məntəqəsinin rəisi isə bir daha belə bir problemin yaranmaması üçün qonşu ölkədəki həmkarları ilə danışıqları davam etdirdiklərini bildirib. anspress
DOSTLARINLA PAYLAŞ: