Azərbaycan polisi jurnalistləri məğlubiyyətə uğratdı
19 Mart 2011 Şənbə 14:37
Bakının “Şəfa” stadionunda maraqlı qarşılaşma baş tutub
Bu gün “Şəfa” stadionu 1 saatdan da artıq bir müddət ərzində Daxili İşlər Nazirliyinin çevik alay qoşunlarının nəzarətində olub. Səbəb asayiş keşikçilərinin adı çəkilən məkanda top qovmaq istəyi olub. Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə polislərin tərəf müqabili jurnalistlər olub.

Mətbuat Şurası və Bakı Futbol Federasiyası tərəfindən Novruz bayramı ərəfəsində təşkil olunan oyunda polislər qələbəni bayram ediblər. Belə ki, Çevik Alay təmsilçiləri həvəskarlar arasında ölkə birincisidir. Oyuna gəlincə, hər biri 30 dəqiqədən ibarət olan görüşün birinci hissəsində informasiya təminatçıları qapılarında 3 qol görüblər.

Fasilədən sonra oyuna aktiv başlayan jurnalistlər asayiş keşikçilərini ardıcıl iki dəfə oyuna mərkəzdən başlamağa məcbur ediblər. Ümumilikdə isə azarkeşlər ikinci hissədə qapılara vurulmuş daha 6 qola şahidlik ediblər. Görüşün yekun nəticəsi polislərin 5-4 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu növ tədbirlər silsiləsindən həmkarlarımın növbəti rəqibi Milli Məclis deputatları olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar