Son üç gün ərzində Azərbaycan Sihalı Qüvvələrində iki ciddi hadisə baş verib. Mayın 25-də Müdafiə Nazirliyinin Şəmkir rayonu ərazisindəki Seyfəli poliqonunda keçirilən hərbi təlim zamanı 4 nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən qətl hadisəsi baş verib. Ötən gecə isə Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində kütləvi zəhərlənmə olub.
Azərbaycan Ordusunda nələr baş verir? Bu hadisələrin təxribat, yoxsa təsadüf olması ilə bağlı cəmiyyətdə yaranmış suallar və narahatlıqlara ANS PRESS-in müxbiri hərbi ekspetrlər vasitəsilə ayıdınlıq gətirib.
Hərbi ekspert Azad İsazadə son 3 gün ərzində Müdafiə Nazirliyinin hərbi hissələrində baş vermiş qətl, kütləvi zəhərlənmə halları və bu kimi hadisələr çoxdan gözlənilən hadisə kimi dəyərləndirib. A. İsazadə hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin üzərində vətəndaş nəzarəti olmadığından bu kimi hadisələr müxtəlif yerlərdə hansısa formalarda periodik şəkildə baş verir və verəcək: “Vətəndaş nəzarəti yaranmayana qədər hadisələr çox ciddi formada özünü biruzə verəcək. Vətəndaş nəzarəti bu problemi tam ortadan götürməsə də, orduda olan neqativ hallara qarşı mübarizəni gücləndirə bilər”.
Baş vermiş hadisələrdə təxribat versiyasını istisna etməyən A. İsazadə bunun üzərində işləməyin vacibliyini vurğulayıb: “Ancaq inanmıram ki, zəhərlənmə hadisəsi Azərbaycan müdafiə sisteminə zərər verə bilər. Bunun təxribat və ya sanitar epidemioloji rejimin güdməməsi olması araşdırılmalıdır”.
A. İsazadə son günlər baş vermiş hadisələrin cəmiyyətdə hərbiçilərin imicinə ciddi zərər vuracağını istisna etməyib.
Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli isə baş vermiş hadisələri qanunauyğunluq kimi dəyərləndirib: “Burada təxribatdan söhbət getmir, çünki hadisəni təxribat kimi dəyərləndirmək üçün fakt yoxdur. Ancaq bu hadisə təsadüf də deyil. Çünki bu il ərzində hərbiçilərin ölümü və ya əlilliyi ilə nəticələnən çox ciddi hadisələr olub. Bütövlükdə Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrin idarəetməsi ilə bağlı ciddi problemlər var. Bunu nizam-intzamın çox aşağı səviyyədə olması, komandir və ordu rəhbərliyində ciddi məsuliyyətsizliyin olması kimi dəyərləndiriləm”.
Y. Cəfərli baş vermiş bu kimi məlumatların gizlədilməsi və ya gec verilməsini isə aidiyyəti qurumların cəmiyyətin və ölkə rəhbərliyinin qınağından yaxa qurtarmaq istəməsi kimi dəyərləndirib.
Anar Məmmədov /ANS PRESS/