Azərbaycan Novruz bayramını qeyd edir
20 Mart 2011 Bazar 11:54
Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycan da bu gün Novruz bayramını qeyd edir. APA-nın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan olunub.
Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir.
Qeyd edək ki, martın 20-də Günəş səmanın Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.
Bayramınız mübarək! APA
DOSTLARINLA PAYLAŞ: