Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev “Nabucco” layihəsi ilə bağlı hökumətlərarası sazişin imzalanmasına həsr olunmuş zirvə toplantısında çıxış edib.
APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, N. Əliyev baş tutan tədbir münasibətilə iştirakçıları təbrik edərək rəsmi Bakının öz karbohidrogen ehtiyatlarını beynəlxalq bazarlara etibarlı şəkildə nəql etməkdə maraqlı olduğunu deyib. O, Azərbaycanın hazırda bir neçə istiqamətdə - Bakı-Ceyhan, Bakı-Ərzurum, Bakı-Supsa və digər marşrutlarla neft-qaz ixrac etdiyini, təkcə Gürcüstan və Türkiyə deyil, eyni zamanda Rusiya, İran və Yunanıstan kimi ölkələrə də enerji ehtiyatları satdığını vurğulayıb. Nazir bildirib ki, Azərbaycan enerji sektorunda digər tərəfdaşlarla əlaqələrin genişləndirilməsində və regionda effektiv nəql dəhlizinin yaradılmasında maraqlıdır. N. Əliyev Yunanıstan-İtaliya qaz kəməri layihəsi çərçivəsində uğurlu əməkdaşlıq edildiyini və rəsmi Bakının cəlbedici, əlverişli şərtlərlə hər istiqamətdə nəqlin, o cümlədən “Nabucco” qaz kəməri layihəsinin icrasında maraqlı olduğunu söyləyib. O, istənilən halda belə layihələrin bazar iqtisadiyyatının prinsiplərinə, o cümlədən şəffaflıq və istehlakçı razılığına əsaslanmalı olduğunu deyib.
APA