Azərbaycan kitablarından Babil Qülləsinin tikintisində istifadə olunub
12 May 2011 Cümə Axşamı 12:18
Buenos-Ayresdəki qüllənin tikintisi üçün müxtəlif dillərdə 30 min kitabdan istifadə olunub
2011-ci il Dünyanın Kitab Paytaxtı Buenos-Ayresdə Babil Qülləsinin tikintisində Azərbaycan kitablarından istifadə olunub. Bu barədə məlumat ANS PRESS-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.
Qeyd edək ki, 2011-ci il Argentinanın paytaxtı Buenos-Ayres şəhəri YUNESKO tərəfindən Dünya Kitab Paytaxtı elan edilib. Bu münasibətlə Buenos-Ayresin mərkəzi San Martin meydanında məşhur argentinalı heykəltəraş və rəssam Marta Minuxin tərəfindən kitablardan simvolik Babil Qülləsi tikilib. Həmin qüllənin tikintisi üçün müxtəlif dillərdə 30 min kitabdan istifadə olunub. Qüllənin tikilməsinin fəlsəfəsi bəşəriyyətin problemlərdən xilasının kitab, mütaliə və maariflənməkdə olması ideyasını təşviq etməkdir.
Bu qüllənin tikintisi üçün Buenos-Ayres şəhər meriyası tərəfindən həyata keçirilmiş aksiyada Azərbaycanın Argentinadakı Səfirliyi yaxından iştirak edib. Qüllənin tikintisi üçün səfirlik tərəfindən təqdim olunmuş ölkəmizin hazırkı reallıqları, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Ümummilli Lider Heydər Əliyev, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi, mətbəxi, ənənələri haqqında çoxsaylı kitab və nəşrlər qüllədə yer alıb.
Simvolik Babil Qülləsi bir ay müddətində ziyarətçilər üçün açıq olacaq və sonra qüllənin tikintisində istifadə olunmuş kitablar əsasında Argentinanın ilk çoxdilli kitabxanası yaradılacaq.
DOSTLARINLA PAYLAŞ: