Azərbaycan kəşfiyyat idarəsinin yaradılmasından 92 il ötür
28 Mart 2011 Bazar Ertəsi 03:02
Sovet Azərbaycanında “Dövlət təhlükəsizlik komitəsi”nə uzun müddət qeyri-azərbaycanlılar rəhbərlik edib
Əsası 92 il əvvəl qoyulan milli təhlükəsizlik orqanları bu gün peşə bayramını qeyd edir. Belə ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cumhiriyyəti hərbi nazirliyinin baş qərargahı tərkibində ilk xüsusi xidmət orqanı - kəşfiyyat və əks kəşfiyyat bölməsi təşkil olunub. Bununla da Azərbaycanın maraqlarının, mənafelərinin və təhlükəsizliyinin etibarlı təminatçısı olan Milli təhlükəsizlik orqanları yaradılıb. Daha sonra isə 1997-ci ildə Heydər Əliyevin sərəcamı ilə bu gün milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi rəsmiləşdirilib.

Azərbaycanın təhlükəsizlik orqanlarının tarixini üç dövrə - Azərbaycan demokratik respublikası, sovet ittifaqı və müstəqil Azərbaycan dövrünə bölmək olar. 1918-ci ildə ölkəmiz müstəqillik qazanandan sonra Azərbaycanın coğrafi-starateji mövqeyi, regionda cərəyan edən hərbi siyasi proseslər kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin yaradılmasını zəruri edir. Ona görə də, 1919-cu il martın 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və baş qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladığı əmrlə hərbi nazirlikdə əks-kəşfiyyat bölməsi yaradılır. Bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldir. 1919-cu il aprelin 13-də isə Azərbaycan hökuməti mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyatın müzakirəsinə başlayır. Həmin ilin iyununda “Əksinqilabla mübarizə” təşkilatı yaradılır. Azərbaycan xüsusi xidmət orqanını ilk rəhbərləri Məmmədbağır və Nağı Şeyxzamanovlar olub. Bu qurum xarici xüsusi xidmət orqanları ilə mübarizə aparıb. Milli kəşfiyyat idarəsi fəaliyyəti 1920-ci il aprelin 28-dək davam edir. Bolşeviklər Bakını işğal etdikdən sonra Azərbaycan hökuməti ilə yanaşı “Əksinqilabla mübarizə” təşkilatı da buraxılır. 1920-ci ildə bolşevik hakimiyyətinin qərarı ilə yeni xüsusi xidmət orqanı yaradılır. “Azərbaycan fövqəladə komissiyası” adlandırılan bu qurumun ilk rəhbəri Baba Əliyev təyin edilir.

1950-ci ilə qədər fəaliyyət göstərən bu xüsusi xidmət orqanı imperiyanın təhlükəsizliyi üçün 40-mindən çox soydaşımızı reprresiyaya məruz qoyur. 2-ci dünya müharibəsindən sonra keçmiş sovet ittifaqında yeni bir xüsusi xidmət orqanı fəaliyyətə başlayır. “Dövlət təhlükəsizlik komitəsi”nə qeyri-azərbaycanlılar rəhbərlik edir. Yalnız 1967-ci ildə ilk azərbaycanlı kimi DTK-nın rəhbər vəzifəsinə Heydər Əliyev gəlir. Elə məhz bu dövrdən sonra ölkənin xüsusi xidmət orqanlarında dəyişiklik olur. Yəni bir zamanlar bu məxfi qurumlara azərbaycanlılar yaxın buraxılmırdısa, Heydər Əliyevin apardığı siyasət nəticəsində DTK-nin mühüm vəzifələrində soydaşlarımız yer almağa başlayır. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli təhlükəsizlik nazirliyi təsis edilir. Nazirlik dövlət sirri olan məlumatların qorunması, korrupsiya, terrorçuluq, narkotik vasitələrin, psixotrop və radioaktiv maddələrin, odlu silah və döyüş sursatının qanunsuz dövriyyəsi, mütəşəkkil transmilli cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizə aparır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar