Azərbaycan kəndlisini məyus edənlər kimdir?
17 Dekabr 2011 Şənbə 12:14
Büdcədən kənd təsərrüfatına sərmayələrə 12,5 milyon manat ayrılıb.
Millət vəkili, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov ANS Televiziyasında çəkilişlər zamanı gileylənmişdi: "Biz parlament müzakirələri zamanı 2012-ci ilin büdcəsində aqrar sektora sərmayələrin ən azı 100 milyon manata qədər qaldırılmasına nə qədər çalışsaq da, buna nail ola bilmədik - kənd təssərrüfatına sərmayələr elə 12,5 milyon manat səviyyəsində qaldı. Halbuki, həmin 100 milyon manatla kənd təsərrüfatının inkişafı üçün çox şey etmək olardı",- deyə məllət vəkili vurğulamışdı.
Hakim partiya YAP-ı təmsil edən millət vəkilinin bu cür çarəsiz çıxışı çəkilişdə iştirak edən bütün iqtisadiyyat mütəxəssislərini təəccübləndirmişdi. Hər halda, 2012-ci il büdcəsində 5,8 mlrd. manat nəqliyyat, energetika və sosial infrastruktur obyektlərinin əsaslı tikintisinə yönəldilib və həmin məbləğin cüzi azaldılaraq 5,7 mlrd. manata salınması ilə Azərbaycan əhalisinin yarısının dolanışığını təmin edən aqrar sektorun çox önəmli problemləri həll edilə bilərdi.
Bu fikir QHT-lərin təmsil olunduğu Milli Büdcə Qrupunun (MBQ) 2012-ci ilin büdcə proqnozları ilə bağlı buraxdığı ayrıca rəydə də xüsusi vuğulanır. MBQ büdcənin bölmələri üzrə xərclərin artım templəri arasında kəskin fərq olmasından narahatlıq bildirir: "2011-ci ilin proqnozu ilə müqayisədə 2012-ci ildə ümumi büdcə xərclərinin 6,5 faiz artmasına rəğmən, “İqtisadi fəaliyyət”lə bağlı xərclər 56,3 faiz, “Nəqliyyat və rabitə” xərcləri 24,9 faiz, “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq” xərcləri 20,6 faiz, “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsi isə 18,4 faiz artırılır. Halbuki “Səhiyyə” xərclərində 5,7 faizlik, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsi” xərclərində 4,3 faiz, elm xərclərində isə 3,4 faizlik artım nəzərdə tutulur. Bölmələr üzrə xərclərin artım templərində olan belə kəskin kənarlaşmalar xüsusi izahat tələb edir",- deyə rəydə vurğulanır. 2011-ci il büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsi üçün 448 milyon manat nəzərdə tutulub ki, bunun da yalnız 426 milyon manatı birbaşa aqrar sektor üçün ayrılıb. Artım nəzərə alındıqda 2012-ci il büdcəsində həmin məbləğin 450 milyon manatı keçməyəcəyi aydın olar.
Mütəxəssislər, xüsusilə də hökumət təmsilçiləri həmin məbləği ölkənin aqrar sektorunun inkişafı üçün həddindən az sayırlar. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) şöbə müdiri Sabir Vəliyev ANS PRESS-ə bildirdi ki, həmin pulların əksəriyyəti bir sıra dövət qurumlarının əməkdaşlarının maaşına gedir: "Bu pula nazirliyin mərkəzi aparatının və yerli şöbələrinin, elmi-tədqiqat institutlarının, Gəncədəki Kənd Təsərrüfatı Akademiyasının, Dövlət Baytarlıq Xidmətinin xərcləri də daxildir. Həmin puldan yalnız 80 milyon manat taxıl əkinlərinin subsidiyalaşdırılmasına yönəldilir",- deyə KTN təmsilçisi bildirir.
Sabir Vəliyevin fikrincə, hər il Azərbaycan kəndinə ən azı 2-3 milyard manat vəsait yatırılmalıdır: "Biz kənd təsərrüfatının inkişafı üçün çox işlər görməliyik. Toxumun növlərini və mal-qaranın cinsini yaxşılaşdırmaq lazımdır. Dövlət taxıl mühafizəsi, bitki mühafizəsi sistemi qurulmalıdır. Torpağın keyfiyəti pisləşib, bunun üçün yerlərdə aqrar-kimya laboratoriyaları qurulmalıdır, həmçinin bitki karantin xidməti və s. yaradılmalıdır»,- deyə KTN təmsilçisi bildirir.
Lakin uzun müddət hökumətin makroiqtisadi göstəricilər blokuna rəhbərlik etmiş iqtisadçı ekspert Oqtay Haqverdiyev kənd təsərrüfatına belə tələm-tələsik pul buraxmağın əleyhinədir. "Neçə illərin təcrübəsi göstərir ki, bu cür subsidiyalaşma kənd təsərrüfatını dirçəltmək əvəzinə geri salır. Bizdə subsidiyalar o vaxt verilir ki, artıq kəndli onu istifadə edə bilmir, yəni gecikdirilir. Şum vaxtından 15-20 gün, bəzən də 1 ay sonra verilən pulu kəndli əkinə vermir və sadəcə xərcləyir. Bu, çoxlarında arxayınçılıq yaradır".
İqtisadçı ekspertin dediklərini kəndlərdə aparılan müşahidələr də göstərir. ANSPRESS-in araşdırmasına görə, payız əkinlərinin çoxdan başa çatmalı olmasına baxmayaraq, bəzi sıra rayonlarda kəndlilər hələ də əkinə görə subsidiyalarını ala bilməyiblər. Təbii ki, belə olan şəraitdə imkansız və ya əkin üçün borca pul tapa bilməyən kəndlilər sahələrini boş qoymağa məcbur olublar, ya da imkansızlıqdan keyfiyyətsiz toxum əkməklə razılaşıblar. Bəzi yerlərdə isə kəndlilər yerli icra nümayəndələri ilə dil taparaq ümumiyyətlə həmin pulu alaraq una verirlər, sahələri isə ya biçənək kimi, ya da otlaq kimi istifadə edirlər.
Oqtay Haqverdiyev bu nüansı nəzərə alaraq subsidiyalaşmanı iki mərhələdə - əkin ərəfəsi və məhsul yığılandan sonra həyata keçirməyi təklif edir. Onun fikrincə, subsidiyalaşdırma əkin sahəsinə görə yox, becərilən məhsula görə verilməlidir. Yəni əkin ərəfəsində ilkin olaraq sahəyə görə müəyyən vəsait verilir, amma subsidiyanın əsas hissəsi mövsümün sonunda tədarük təşkilatlarına təhvil verilən məhsula görə ödənir. "Bu, kəndlini bol məhsul becərməyə yönəldər. Kəndli məhsuldar toxumların əkilməsində, lazımi aqrotexniki qulluğun göstərilməsində maraqlı olar",- deyə iqtisadçı ekspert vurğulayır.
Lakin onun fikrincə, hazırda Azərbaycan torpaqlarının vəziyyəti bol məhsul götürməyə imkan vermir. "Azərbaycanın əkin yararlı torpaqları cəmi 1,4 milyon hektardır və araşdırmalar göstərir ki, bunun yarıdan çoxu şoranlaşıb. Yəni aran yerlərində qrunt sularının səviyyəsi qalxıb və torpağın məhsuldarlığı aşağı düşüb. Vəziyyəti düzəltmək üçün geniş drenaj şəbəkəsi yaradılmalıdır. Drenaj şəbəkəsi isə kiçik torpaqlarda mümkün deyil. Buna görə də bizim kəndlilər kooperativlərdə birləşməlidirlər. Təbliğat bunun üstündə qurulmalıdır. Onlar kooperativlərdə birləşdikdən sonra iri dövlət sifarişlərini də ala bilərlər, dövlətin subsidiyalaşdırma siyasəti də daha ünvanlı ola bilər",- deyə Oqtay Haqverdiyev vurğulayır.
İqtisadçı-ekspertin sözlərinə görə, istənilən halda kənd təsərrüfatı subsidiyasız inkişaf edə bilməz: "Qərbin inkişaf etmiş ölkələrinin əksəriyyətində kənd təsərrüfatının subsidiyalaşdırılması üçün xüsusi proqramlar mövcuddur. Biz də düşünüb normal bir proqram qəbul etməliyik. İlk addım kimi özəl qurumların yer aldığı, amma dövlətin dəstəklədiyi geniş tədarük şəbəkəsi yaratmalyıq. Sovet dövündə bu işi "Azərittifaq" görürdü, indi o qurum işləmir. Bunun bəlasıdır ki, kəndli istehsal etdiyi məhsulu şəhərlərə çatdıra bilmir, əlində qalıb xarab olur, nəticədə məhsul becərməyə marağı azalıb",- deyə Oqtay Haqverdiyev söyləyir.
İqtisadçı ekspertin sözlərini son zamanlarda Azərbaycanın aqrar sahəsində məhsul satışı ilə bağlı mütəmadi yaşanan problemlər də təsdiq edir. İki il qabaq buğda məhsulu kəndlilərin əlində qaldı və fermerlər çəkdikləri xərci belə çıxara bilmədilər. Bu yay isə regionlarda becərilmiş pomidorun kiloqramına 4 qəpikdən belə alıcı tapılmırdı. İndi isə xüsusilə qərb regionlarında soğanın satışı ilə bağlı problem yaşanır.
KTN-in şöbə müdiri Sabir Vəliyev isə kəndlinin məhsulunu sata bilməməsində bir sıra dövlət qurumlarının maneəçiliyinin də rol oynadığını söyləyir: "Nə qədər deyilsə də, Dövlət Yol Polisi və Nəqliyyat Nazirliyi kənd camaatına mane olmaqdan əl çəkmir. Hər rayonda postları var və maşınlardan "haqq" almamış buraxmırlar. Bakıya bir maşın kənd təsərrüfatı malı gətirən kəndli 10-15 posta "haqq" ödəməli olur".
Hökumət rəsmisinin dediyinə görə, ölkədən xaricə mal çıxarılmasına isə gömrük işçilərinin qanunsuz əməlləri maneəçilik törədir: "Yayda Xaçmaza getmişdim, yanımda Rusiya telekanallarının nümayəndələri vardı. Məqsədimiz Azərbaycanın aqrar sahəsində əldə edilən uğurları göstərmək idi. Rayonda 5-6 nəfər sürücü mənə yaxınlaşdı və şikayət etdi ki, neçə gündür maşınlarımız Rusiya sərhədində qalıb, gömrük buraxmır, mal isə xarab olur. Getdim - gördüm ki, Azərbaycan tərəfdə 400 maşın neçə gündür ki gözləyir. Gömrük işçilərindən soruşanda ki, bunları niyə buraxmırsınız, bəhanə gətirirlər ki, yoxlayıb çatdıra bilmirik, maşın çoxdur. Əslində, bizim maşınlara Rusiya və ya Gürcüstan belə bəhanə gətirməlidir. Çünki bizim mallar onların bazarına girir. Amma bizdə tərsinə baş verir, ruslar, gürcülər bizim maşınları daha rahat içəri buraxırlar. Düzü, yayda xəcalət çəkdim və utandığımdan telekanalları sərhədə tərəf apara bilmədim",- deyə Sabir Vəliyev etiraf edir.
Amma bütün bunlar hamısı inzibati problemlərdir və dövlət rəhbərliyi istəsə heç bir vəsait xərcləmədən bu cür maneəçiliyin kökünü kəsə bilər. Bunun üçün bir neçə rüşvətxor dövlət məmurunun həbs edilməsi yetərlidir. Məsələn, bu günlərdə vətəndaşlardan ev və ya mağaza tikintisinə görə rüşvət tələb edən bir neçə polis işçisinin və icra hakimiyyəti məmurunun həbs edilməsindən sonra Bakının Badamdar və ya Sulutəpə kimi fərdi tikinti gedən massivlərində Çevik Polis Alayına (ÇAP) məxsus maşınların dolaşması dayanıb. Əks halda, ÇAP serjantları şəxsi mülkiyyətdə olan torpaq sahəsində xırda bir tikinti işi gördürənlərin başının üstünü alır və pul tələb edirdilər.
Amma kənd təssərrüfatında köklü dəyişikliklər əldə etmək üçün böyük vəsaitlərə ehtiyac var. İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) eksperti Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycan kəndlərinin hər il 2-3 milyard manatlıq investisiyanı qəbul etmək imkanı var: "İlk diqqət südçülük, cins inəklərin gətirilməsinə yönəldilməlidir. 400 min cins inək olarsa, Azərbaycanın süd emalı zavodlarını tam təmin edə bilər. Onların vasitəsi ilə ildə 4 milyon tona yaxın süd əldə etmək mümkündür. Belə inəyin birinin qiyməti təxminən 5 min manatdır, yəni 2 milyard manata yaxın investisiya tələb edilir. Azərbacanın kəndləri öyrənilməlidir, 10-15 belə inəyə baxmağa qadir ailələr seçilməlidir və bu inəklər faizsiz lizinqə verilməlidir. Həmçinin onlara uyğun damazlıq və baytarlıq xidmətləri də təşkil edilməlidir. Emal zavodları belə ailə təsərrüfatlarına görə süd tədarükü təşkil edə bilərlər. Bu da mürəkkəb prosesdir. Kəndlərdə souyuducusu və laboratoriyası olan süd saxlama stansiyalarının tikilməsi, soyuduculu süd daşıyan maşınların alınmasını tələb edir. Həcm də böyük olmalıdır. Yoxsa gündə 6 litr süd verən 2 inəyə görə heç bir kəndlinin qapısına süd yığan maşın gəlməz",- deyən İTM esksperti buna paralel olaraq yemçiliyi də inkişaf etdirməyi vacib sayır: "Yem bitkiləri gübrə ilə zəngin torpaqlar istəyir. Azərbaycan kəndinin hər il 960 min ton azot, fosfat, kalium gübrələrinə ehtiyacı var. Gübrənin də tonu dünya bazarında 400 dollar ətrafında dəyişir, bu da iri investisiyalar deməkdir".
Vahid Məhərrəmovun fikrincə, Azərbaycan hökuməti neftdən gələn gəlirələri indi aqrar sektora yatırmaqla gələcək üçün etibarlı büdcə gəlirləri təmin edə bilər: "Kəndə yatırılan pullar heç yana itmir. Azərbaycanın neft gəlirlərinin azalacağı 10 ildən sonra, həm lizinq borcu, həm də vergi şəklində geri büdcəyə qayıdavaq. Üstəlik, daima özü-özünü modernləşdirməyə qadir aqrar sektor yaranacaq".
Qeyd edək ki, Böyük Britaniyanın aqrar sektoru da XX əsrin əvvəllərində eyni problemi yaşayırdı. Müstəmləkələrdən gələn ucuz taxıl ingilis fermerlərinin məhsulunun satılmasına mane olurdu. Onda Britaniya kəndliləri heyvandarlığa və yemçiliyə diqqət yetirdilər. Hazırda Böyük Britaniyanın aqrar sektoru iqtisadiyyatın əsas sahələrindəndir. Məsələn, ağır sənayeyə, elm tutarlı istehsala və güclü turizmə malik Uelsin ümumi daxili məhsulunun 12 faizi aqrar sektourn payına düşür, Azərbaycanda isə bu göstərici 4 faizin ətrafında dəyişir. Təbii ki, Britaniya ilə müstəqilliyini cəmi 20 ildir əldə etmiş Azərbaycanı müqayisə etmək harada düzgün deyil. Amma nümunə götürmək olar. İndi britaniyalılar turizm, hərbi sənaye və aqrar sektorun güclü inkişaf etdiyi iqtisadiyyatları ilə çox öyünürlər: "Turizm bizə dinc zamanlarda ekologiyanı qorumağa, sağlam və imkanlı nəsil yetişdirməyə imkan verir. Aqrar sektor və elmtutarlı hərbi sənaye isə həm də müharibə şəraiti üçün lazımdır. Çörəyimizi və silahımızı özümüz istehsal edəriksə, kimsə bizə bata bilməz".
DOSTLARINLA PAYLAŞ: