Azərbaycan iqtisadiyyatı "Eurovision"dan nə qədər qazanacaq?
16 May 2011 Bazar Ertəsi 11:36
Təkcə, bu müsabiqə ilə əlaqədar ölkəmizə 70 minə yaxın turistin gələcəyi gözlənilir
"Eurovision 2011" mahnı müsabiqəsi başa çatdı. Ötən şənbə Almaniyada keçirilən final konsertinin nəticələrinə əsasən Azərbaycan "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi etmək haqqını qazandı. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatının müxtəlif sahələrinin daha da inkişafına gətirib çıxaracaq. Mütəxəssislər hesab edir ki, müsabiqəyə ev sahibliyi etmək ilk növbədə turizm sahəsini canlandıracaq. Azərbaycan 2012-ci ildə "Eurovision - 2011" müsabiqəsini ən yüksək səviyyədə təşkil edəcək.
Rəsmi Bakının bir çox möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini xatırladan iqtisadçı-ekspertlər tezliklə müsabiqənin təşkilati məsələlərinin müzakirəsinə başlanacağını deyirlər. Mütəxəssislər hesab edir ki, Azərbaycanın kifayət qədər maliyyə resursunun olması nəzərdə tutulan işlərin yüksək səviyyədə görülməsinə imkan verəcək.
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, maliyyə cəhətdən heç bir problem olmayacaq. Əsas məsələ vaxtın azlığıdır: "Müsabiqə Almaniyaya bütün xərcləri ilə birlikdə 47 milyon avroya başa gəlib. Azərbaycanın bu məbləğdən də artıq pul xərcləməyə imkanı var”.
Onun fikrincə, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatının inkişafını daha da sürətləndirəcək. Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi ilk növbədə turizm sahəsinin canlanmasına səbəb olacaq. Turizm ili çərçivəsində iri infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən, 2011-2013-cü illərdə Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının qəbul edilməsi də bu işə öz töhfəsini verəcək. Təkcə, bu müsabiqə ilə əlaqədar ölkəmizə 70 minə yaxın turistin gələcəyi gözlənilir. Bu isə turizm sahəsindən daxil olmaları ən azı 10 faiz artıracaq. Möhtəşəm tədbir iqtisadiyyatın digər sahələrinə də müsbət təsir edəcək.
“Kiçik kafelərin, yeməkxanaların açılması qiymətiləri məqbul olan xidmətlərin inkişafına gətirib çıxaracaq. Hər hansı turist tədbirə gəlirsə, ən yaxşı reklam agentinə çevrilə bilər. Xidmət sahələrində keyfiyyətin, qiymətin məqbul olmasına fıikir vermək lazımdır”, deyə Natiq Cəfərli bildirib.
Mütəxəssislər hesab edir ki, “Eurovision” müsabiqəsi Azərbaycana investisiya axınına da təkan verə bilər.
Qeyd edək ki, Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi 4 gündə oteldə qalma 1 nəfərə təxminən 800 avroya başa gəlib. Turistlərin xərclədikləri pullar və eksklüziv yayıma görə Düsseldorf şəhəri bu müddətdə 140 milyon gəlir əldə edib.
DOSTLARINLA PAYLAŞ: