Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlığın səbəbləri açıqlandı
18 Avqust 2011 Cümə Axşamı 13:22
Səbəb sərhəd sistemini təmin edəcək kabelin qazma işləri zamanı zədələnməsidir
Son bir neçə gündə Azərbaycan-Gürcüstan sərhədindəki Sınıq körpü sərhəd-keçid məntəqəsində avtomobillərin keçidində problem yaranmasının səbəbləri məlum olub. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev ANS-ə açıqlamasında problemin birbaşa sərhəd nəzarətilə əlaqədar olmadığını bildirib.
“Çox təəssüflər olsun ki, qazma işləri nəticəsində buraxılış məntəqəsinin gömrük sistemini və sərhəd sistemini təmin edəcək kabel Tovuz rayonu ərazisində zədələnib. Sistemlər hamısı sıradan çıxıb. Bu problemin yaranmasının səbəbi budur. Bu gün problem aradan qalxıb. Artıq bu gün problem yoxdur. Buraxılış məntəqəsində buraxılış qaydaları normal şəkildə həyata keçirilməkdədir”, deyə E. Quliyev qeyd edib.
Xatırladaq ki, bir neçə gündür Sınıq körpüdə avtomobillərin sıxlığı, yubanması və vətandaşların saatlarla növbə gözləməsi müşahidə olunurdu. Bu barədə ANS televizasının çəkilişi qrupu davamlı reportajlar verirdi.
DOSTLARINLA PAYLAŞ: