“Azərbaycan Eurovision-2012 müsabiqəsinin təşkil etməyə qadirdir”
26 May 2011 Cümə Axşamı 00:41
“Biz qonaqlarımızı hansısa dini, milli, cinsi və s. kateqoriyalarına bölməyə adətkar deyilik”
“Azərbaycan bu gün postsovet bölgəsinin ən sabit və təhlükəsiz ölkəsidir. Hər il bizdə neçə-neçə beynəlxalq idman, mədəniyyət, ictimai-siyasi və s. tədbirlər keçirilir, dünyanın müxtəlif ölkələrini təmsil edən minlərlə iştirakçılar, jurnalistlər, turistlər Azərbaycana gəlir. Hələ bir dəfə də olsun bu tədbirlərə qatılan hansısa insanla bağlı ölkəmizdə xoşagəlməz hadisə yaşanmayıb”. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Trend” agentliyinə müsahibəsində “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda keçiriləcəyinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan müsabiqə ilə bağlı gəlişi gözlənilən turistlərin, jurnalistlərin, eləcə də nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etməyə hazırdır: “Beynəlxalq tədbirlərin keçirilməsi sahəsində mənim ölkəmin kifayət qədər təcrübəsi var. Son zamanlar yerli və beynəlxalq mətbuatda bu tipli suallara tez-tez rast gəlinir. Görəsən Azərbaycan bu qədər insanı qarşılamağa, yerləşdirməyə, onların təhlükəsizliyini, viza məsələlərini həll etməyə və s. hazırdırmı? Bu günlərdə bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin yanında geniş müzakirə də olunub. Birmənalı şəkildə bəyan edirəm: Azərbaycan hökuməti Avropa Yayım Birliyinin tələbləri çərçivəsində “Eurovison-2012” mahnı müsabiqəsinin keçirilməsi üçün bütün lazımi şəraiti təşkil etməyə, müsabiqəyə qatılan insanların təhlükəsizliyinə, raharlığına və onlar üçün münbit iş şəraitinin yaradılmasına hazır və qadirdir”.

Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, Azərbaycanda mövcud olan viza rejimi heş bir problem yaratmayacaq: “Bütün təşkilati məsələlərlə bağlı cənab Prezident müvafiq dövlət qurumlarına göstəriş verib. Viza məsələsində də hər hansı bir problem olacağını düşünmürəm. Müsabiqəyə qədər elə bir həll variantı seçiləcək ki, Azərbaycana gələcək on minlərlə insanın viza alması sadə və asan yolla təmin edilsin”.

Əli Həsənov əmin edib ki, Azərbaycana səfər edəcək jurnalistlər üçün lazımi iş şəraiti yaradılacaq: “Azərbaycan açıq cəmiyyətli və plüralizmin hökm sürdüyü bir ölkədir. Burada Avropa dəyərlərinə, düşüncə, söz və mətbuat azadlığına xüsusi önəm verilir. Jurnalistlərin öz peşə fəaliyyətini yüksək səviyyədə həyata keçirilməsi üçün bu tədbirdə də Azərbaycan hökuməti bütün mövcud imkanlarından istifadə edərək, lazımi şırait yaradacaq. Bu sahədə heç bir problemyaradıcı hala yol verilə bilməz. Azad yayımın təşkili üşün ölkəmizin bütün texniki resurslarını səfərbər edəcəyik. Beynəlxalq medianın bu prosesləri geniş işıqlandırması bilavasitə Azərbaycanın maraqlarına cavab verir”.

Prezident Administrasiyasının rəsmisi “Eurovision” mücabiqəsinə ev sahibliyi edən ölkələrə Avropanın müxtəlif yerlərində bir çox kateqoriyalardan olan insanların, o cümlədən qrup şəklində cinsi azlıqların nümayəndələri də səfər etməsi, onların Azərbaycanda sərbəst hərəkətinə yaradılacaq şəraitdən də danışıb: “Azərbaycan tam sabit və təhlükəsiz ölkədir. O, bütün parametrləri ilə həm də Cənubi Qafqazın tolerantlıq nümunəsi sayılır. Bizdə bütün dünyanın müxtəlif sivilizasiyalarını, dini cərəyanlarını təmsil edən məbədlər sərbəst şəkildə tikilir, özü də bəzi dövlətlərdə olduğu kimi muzey kimi deyil, mövcud dini icmaların, fərqli dini əqidə daşıyıcılarının ziyarətgahı kimi real fəaliyyət göstərir. Azərbaycan həm də beynəlmiləl ölkədir və burada onlarla fərqli xalq və millətlərin, etnik qrupların nümayəndələri sülh və əminamanlıq içində yaşayırlar. Bu günədək nə milli, dini, nə də ki, fərqli sivilizasiya, oriyentasiya və s. zəminində Azərbaycanda bir dəfə də olsun hər hansı diskriminasiya halına rast gəlinməyib. Bizim qonaqpərvərliyimiz bütün dünyada məşhurdur. Biz qonaqlarımızı hansısa dini, milli, cinsi və s. kateqoriyalarına bölməyə adətkar deyilik. Bu insanlar Azərbaycanın qonaqpərvərliyinə, tolerantlığına, müasirliyinə tam güvənə bilərlər və onların ölkəmizdə azad və sərbəst olmaları üçün heç bir problem yaşanmayacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar