Azərbaycan ərazisində qar yağacaq
16 Noyabr 2009 Bazar Ertəsi 11:55
Bakıda və Abşeron yarımadasında noyabrın 16-da havanın buludlu olacağı, arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Günün birinci yarısında bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək, gecəyə doğru arabir nisbətən güclənəcək. Havanın temperaturu gündüz 15-17, axşam 12-14 dərəcə isti olacaq.

Noyabrın 17-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Lakin axşama doğru qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq.

Noyabrın 18-də havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 8-11, gündüz 12-14 dərəcə isti olacaq.

Noyabrın 19-da havanın buludlu, fasilələrlə yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında bir qədər mülayimləşəcək. Gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 17-də arabir yağış yağacağı gözlənilir. Axşam bəzi qərb rayonlarında yağıntının intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 9-13, gündüz 14-17, dağlarda gecə 2-4, gündüz 7-11 dərəcə isti olacaq.

Noyabrın 18-19-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11, gündüz 12-16, dağlarda gecə 1-3, gündüz 5-10 dərəcə isti olacaq. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar