Azərbaycan ərazisində leysan yağacaq, dolu düşəcək
16 İyun 2009 Çərşənbə Axşamı 12:30
Bakıda və Abşeron yarımadasında iyunun 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 21-25 dərəcə, axşam 19-21 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 22-23 dərəcə isti olacağı gözlənilir.

İyunun 17-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacaq. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Gecə 17-20 dərəcə, gündüz 24-28 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq. İyunun 18-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20 dərəcə, gündüz 26-31 dərəcə isti olacağı ehtimal olunur.

İyunun 19-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 18-21 dərəcə, gündüz 23-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 17-də gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 15-20, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

İyunun 18-də axşam, 19-da gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağışın arabir leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, iyunun 19-da arabir güclənəcək. Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 27-32 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar