Azərbaycan ərazisində havanın hərarəti yüksəlir, bəzi yerlərdə temperatur 42 dərəcəyə çatacaq
04 İyul 2011 Bazar Ertəsi 12:06
Bakı və Abşeron yarımadasında iyulun 5-də hava dəyişkən buludlu, yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gün ərzində əsən mülayim şimal-qərb küləyi gündüz güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-34, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə təşkil edəcək.
İyulun 6-da isə hava az buludlu, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında iyulun 5-də hava əsasən yağmursuz keçəcək. Lakin iyulun 4-dən 5-nə keçən gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti gözlənilir.
İyulun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 35-40 dərəcə isti olacaq. Bəzi yerlərdə 42 dərəcəyədək isti,
dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında davam edən xəzri küləyi meteohəssas insanlar üçün əlverişli olsa da, iyulun 5-də günün ikinci yarısından 6-sı gündüzədək atmosfer təzyiqinin qısa müddətə xeyli yüksəlməsi və küləyin daha da güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. APA
DOSTLARINLA PAYLAŞ: