Azərbaycan əhalinin su təchizatı problemini aradan qaldırır
08 Noyabr 2012 Cümə Axşamı 11:42
Nəyinsə dəyərini vurğulamaq üçün biz onu adətən qızılla müqayisə edirik.
Məsələn, nefti qara qızıl, pambığı ağ qızıl, meşələri yaşıl qızıl adlandırırıq. Dünyanın ən gözəl neməti olan çörək isə «qızıl sünbül»dən istehsal olunur. Bəs adi suyu nə ilə müqayisə etmək olar? Təbiətdə mineral və müalicəvi sular da mövcuddur. Lakin bunları bir kənara qoyub görmək olar ki, su qiymətsizdir və onun təbiətdə misli-bərabəri yoxdur.
Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla gün ərzində 2-3 litr su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir. Bunun təxminən 1,5 litrini qida, qalan 0,5 litri isə orqanizmin özü təmin edir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil - əgər qidasız insan orqanizmi 50 günə yaxın tab gətirirsə, susuz insan maksimum 3 sutka dolana bilər. Bəzi mütəxəssislərin hesablamalarına əsasən, insan 60 il ərzində 45-50 ton su istifadə edir. İnsan nə qədər təmiz və saf su istifadə etsə, bir o qədər çox orqanizmdəki zərərli maddələri təmizləmiş olur. Belə ki, suyun sanitariya-gigiyenik əhəmiyyəti olduqca böyükdür - suyun kifayət qədər olmaması və ya çirkab olması insanlar üçün böyük təhlükə yaradır ki, nəticədə müxtəlif xəstəliklər yarana bilər.
Azərbaycan son illər ərzində müsbət makroiqtisadi göstəricilər nümayiş etdirən, inkişaf etməkdə olan ölkədir. Təbiət ölkəyə neft-qaz və bir çox digər təbii sərvətlər bəxş edib. Artıq uzun illərdir Azərbaycanda su probleminin aradan qaldırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Su ilə bağlı müxtəlif problemlərlə yalnız Azərbaycanın regionları deyil, həmçinin Bakı və onun ətraf qəsəbələri də üzləşir. Belə ki, indiyədək paytaxtın bir çox yaşayış məntəqələri gün ərzində cəmi 5-6 saat su ilə təchiz olunur – su səhər və axşam, yəni qrafiklə verilir. Əgər kimsə hansısa səbəbdən evlərin damında quraşdırılmış (!) çənləri su ilə doldura bilməsə, onda həmin insanlar qrafik üzrə suyun növbəti verilmə vaxtını gözləməli olur. Bəzən isə suyun təzyiqi o qədər zəif olur ki, 8-9-cu mərtəbədə yaşayanlar hətta çənlərini belə su ilə doldura bilmir. Eyni zamanda hazırda Bakının bir sıra qəsəbələrində su xətlərinin uzunluğu müasir tələblərə cavab vermir. Belə ki, sözügedən su xətləri paytaxt əhalisinin 1,5-2 mln. nəfər olduğu zaman (təxminən 20 il öncə) çəkilib və məhz bu qədər insan üçün nəzərdə tutulub. Hazırda Bakı əhalisinin təxminən 2 dəfə artdığını və yeni yaşayış binalarının sürətlə tikildiyini nəzərə alsaq, görmək olar ki, xətlərin dəyişdirilməsinə və artırılmasına ehtiyac var.
Bütün bunları aradan qaldırmaq üçün Azərbaycan hökuməti təkcə Bakıda deyil, bütün ölkə ərazisində əhalinin içməli su ilə təchiz edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirir, beynəlxalq maliyyə təşkilatlarından cəlb edilmiş vəsait hesabına bu istiqamətdə müxtəlif layihələr reallaşdırılır. Təkcə bu il ərzində «Azərsu» ASC-nin sifarişi ilə Azərbaycanda 140 km magistral, 493 km şəhərdaxili, 25 km anbarlararası su xətləri, 235 km şəhərdaxili kanalizasiya xətti və 58 km kollektoru çəkilib. Bu istiqamətdə cəlb olunmuş beynəlxalq maliyyə institutlarının vəsaitlərindən birini Asiya İnkişaf Bankından (AİB) cəlb olunmuş kredit xəttini misal olaraq gətirmək olar. Azərbaycan hökuməti ilə AİB arasında 600 mln. ABŞ dolları məbləğində olan Su Təsərrüfatı və Kanalizasiya İnvestisiya Proqramı imzalanıb. Proqram çərçivəsində həyata keçirilən «Şəhər su təchizatı və kanalizasiya Layihəsi»nin icrasına AİB Azərbaycana 3 tranşın ayrılmasını təsdiq edib və vəsaitlər tədricən ayrılır. Belə ki, ilk tranş 75 mln. dollar, ikinci tranş 300 mln. dollar, üçüncü isə 150 mln. dollar təşkil edib. Qalan 75 mln. dolların isə dördüncü tranşla ayrılması gözlənilir. Ümumiyyətlə, Su Təsərrüfatı və Kanalizasiya İnvestisiya Proqramı investisiya qoyuluşuna daha çox ehtiyacı olan regional şəhərləri əhatə etməklə çoxtranşlı maliyyə mexanizmi vasitəsilə AİB və Azərbaycan arasında 8 illik əməkdaşlığın əsasını qoyub, investisiyanın mərhələli icrasına şərait yaradıb, eləcə də aydın strategiya və islahat proqramı ilə təmin ediləcək. «Şəhər su təchizatı və kanalizasiya Layihəsi»nin məqsədi isə Ağdaş, Göyçay, Beyləqan və Naxçıvanda su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığını təmin etməkdir. Layihə fiziki infrastrukturun qurulması və bərpası, institusional islahatlar və maddi-texniki bazanın formalaşdırılması komponentlərindən ibarətdir.
Fiziki infrastrukturun qurulması və bərpası komponenti çərçivəsinə rayonlarda buruq quyularından ibarət su quyusu sahəsinin yaradılması və mövcud iki buruq quyusunun reabilitasiyası, hazırkı supaylama sisteminin yeni borularla əvəz edilməsi, su axınının təzyiqini yaratmaq üçün hündürdə qurulacaq hovuz və təmizləmə-saflaşdırma qurğularının tikintisi daxildir.
Naxçıvanda isə infiltrasiya qurğusundan öz axını ilə gələn yeni sutoplama sistemi, 4 idarəolunan hovuzun yaradılması, 6 mövcud hovuzun təmiri və onların öz təzyiqi ilə axan şəbəkə vasitəsilə paylama sisteminə birləşdirilməsi nəzərdə tutulur.
Çirkab kanalizasiya suyu üçün isə hər üç bölgədə çirkab axıntının tənzimlənməsi hovuzları sistemi qurulacaq ki, bu da çaya axıdılan suyun lazımi səviyyədə təmizlənməsinə imkan verəcək. Bundan başqa, 120 km uzunluğunda əsas və əlavə kanalizasiya xətləri və 4 kanalizasiya nasos stansiyası qurulacaq.
Qeyd edək ki, layihəyə Balakən və Ağcabədi rayonları da daxil edilib və üçüncü tranş hesabına məhz bu rayonlarda analoji işlər aparılacaq. Layihənin icraçı agentlikləri qismində «Azərsu» ASC və Meliorasiya və Su Təsərrüfatı Dövlət Komitəsi çıxış edir. AİB su proqramı üzrə maliyyələşməni 2013-cü ildə başa çatdıracaq. Ümumiyyətlə, 600 mln. dollarlıq maliyyələşdirmə mexanizmi şəklində yardımdan başqa, AİB su təchizatının yaxşılaşdırması üçün Azərbaycana 30 mln. dollarlıq kredit də ayırıb. Eyni zamanda Dünya Bankından da bu problemlərin aradan qaldırılması üçün 230 mln. dollar vəsait cəlb olunub. Bu vəsait hesabına ölkənin 20 regional mərkəzində su təchizatı və kanalizasiya sahəsində göstərilən xidmətlərin səviyyəsi artırılacaq.
Bildiyimiz kimi, Azərbaycanın əsas içməli su mənbəyi Kür və Araz çaylarıdır ki, hazırda bu çaylarda sular çirkabdır və qəbul olunmuş standartlara cavab vermir. Azərbaycan ərazisinə daxil olmamışdan öncə bu sular qonşu ölkələrin ərazisində axar sular vasitəsilə çirklənir. Ümumiyyətlə, bu suların çirklənmə səbəbləri və xarakteri fərqlidir - suvarma kanallarında daha az lilli, lakin mikrobioloji cəhətdən və kimyəvi tərkibinə görə çox çirklidir, drenaj arxlarında pestisidlərin çirklənmədə rolu da böyükdür və s. Bu səbəbdən Azərbaycan hökuməti müvafiq tədbirlər görür, çirkab suların çaylara atılmasının qarşısını alır, müxtəlif təmizləyici filtrlər quraşdırır ki, əhali içməli su ilə təchiz olunsun. Məsələn, Azərbaycan prezidentinin müvafiq sərəncamlarına əsasən, hazırda Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi layihəsi icra olunur. Layihə çərçivəsində 18 rayonun 156 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq bu kəndlərdə yaşayan 300 mindən artıq əhali içməli su ilə təmin edilib. Kür və Araz çayları boyu məskunlaşmış və hədsiz dərəcədə fiziki, kimyəvi və bioloji cəhətdən çirklənmiş vəziyyətdə olan bu çayların suyundan uzun illər ərzində heç bir təmizlənmə aparılmadan istifadə edən əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün öncə bu kəndlərdə su mənbələrinin kəmiyyət və keyfiyyət göstəriciləri üzərində dəqiq monitorinqlər aparılıb və sutəmizləyici qurğular quraşdırılmış kəndlərdə yeraltı suların olmadığı müəyyənləşib. Ən sərfəli variant kimi yaşayış məntəqələrindən təqribən 1 000 metrədək məsafədən axan mövcud yerüstü su mənbələrindəki suyun təmizlənərək əhaliyə verilməsi seçilib. Kəndlərdə quraşdırılmış sutəmizləyici qurğuların gücü adambaşına gün ərzində içməli suyun miqdarı 20-30 litr olmaqla layihələndirilib və hər bir kənddə quraşdırılmış sutəmizləyici qurğudan alınan içməli su əhaliyə supaylayıcı şəbəkə vasitəsi ilə çatdırılır. Supaylayıcı şəbəkə hər bir kənddə əhalinin sayından və kəndin yerləşmə sxemindən asılı olaraq qurulmuş və hər birində 2 ədəd kran qoyulmuş supaylayıcı məntəqədən və məntəqəni sutəmizləyici qurğu ilə birləşdirən içməli su üçün nəzərdə tutulmuş müxtəlif diametrli boru xətlərindən ibarətdir. Kənddə tikilmiş supaylayıcı məntəqələrin bir-birindən məsafəsi 150-300 metr təşkil edir. Bu o deməkdir ki, kənddə yaşayan əhali ən uzağı 150 metr məsafə qət etməklə içməli su götürə bilir.
Xatırladaq ki, 2007-2010-cu illər ərzində sutəmizləyici qurğuların quraşdırılması və supaylayıcı məntəqələrin inşası zamanı 900 km uzunluğunda supaylayıcı şəbəkə çəkilib, 2 100 ədəddən çox supaylayıcı məntəqə tikilib. Sutəmizləyici qurğuların və supaylayıcı şəbəkənin 22 ədədi 2007-ci ildə, 38 ədədi 2008-ci ildə, 60 ədədi 2009-cu ildə, 36 ədədi isə 2010-cu ildə istismara verilib.
Qeyd edək ki, Kür və Araz çaylarında suyun təmizlənməsinə dair müxtəlif mərhələlərdə müxtəlif xarakterli çirklənmələrə qarşı qurğular quraşdırılıb. I mərhələdə nisbətən kiçik kəndlər, drenaj arxlarından istifadə edən məntəqələr əhatə olunub. Qurğular da bu xüsusiyyətlərə uyğun quraşdırılıb. Növbəti mərhələdə isə (2008-ci ildə) müəyyən edilmiş yaşayış məntəqələrinin əksəriyyətinin su mənbəyi bilavasitə Kür və Araz çayları olduğu üçün və çaylarda çirklilik dərəcəsinin daha yüksək olması səbəbindən qərara gəlinib ki, suyun təmizlənməsi sahəsində unikal və ən müasir hesab edilən tərs osmos sistemlərindən istifadə edilsin.
İri layihələrdən biri də Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsidir ki, bu layihənin paytaxt Bakını fasiləsiz içməli su ilə təchiz etməkdə rolu böyükdür.
Ümumiyyətlə, «Azərsu» ASC «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirir ki, ilkin mərhələdə içməli sudan daha çox əziyyət çəkən yaşayış məntəqələrində tədbirlər görülür. Bu istiqamətdə görülən işlər çərçivəsində 2012-ci ilin 9 ayında Lerik, Yardımlı, Xızı, Balakən, Ağcabədi, Samux, Zaqatala, Şəki, Goranboy, Ağdam və Qazax rayonlarının kənd və qəsəbələrində əhalinin suya olan tələbatını ödəmək məqsədilə «Birləşmiş Sukanal» MMC-nin sifarişi əsasında 23 subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib. MMC-nin xidmət göstərdiyi rayon mərkəzləri və kəndlərdə 140 km uzunluğunda magistral və paylayıcı su xətti, 2,3 km uzunluğunda kanalizasiya xətti çəkilib. Bununla paralel olaraq yaşayış məntəqələrində ümumi tutumu 300 kubmetr olan su anbarları tikilib. Görülən işlərin nəticəsi olaraq 32 mindən artıq insanın içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Hazırda «Azərsu» ölkənin 54 rayonunda bu istiqamətdə tədbirləri davam etdirir.
Digər əhəmiyyətli layihələrdin biri də Küllülü-Zərdab magistral su kəmərinin tikintisidir. Bu ilin sentyabr ayında inşasına başlanmış bu kəmərin suyundan Ağsu, Kürdəmir, Ucar və Zərdab rayonlarının müxtəlif yaşayış məntəqələrinin 157 min sakini istifadə edəcək. Kəmərin Zərdab rayonu ərazisindən keçən hissəsinin uzunluğu 72 km təşkil edir. Zərdabın 36 min nəfər əhalisi bu su kəmərindən istifadə edəcək. Küllülüdə 5 min kubmetrlik bir, Zərdabda isə hər biri 2 min kubmetrlik iki su anbarı tikilir. Suyun şəhərə, Bəyimli qəsəbəsinə və rayonun 14 kəndinə verilməsi nəzərdə tutulub. Hazırda zərdablılar suyu fasilələrlə alırlar. Şəhərin yarısı demək olar ki, bu problemlə üzləşir və su qıtlığı müşahidə olunur. Bu layihə başa çatandan sonra artıq Zərdabda vətəndaşlar 24 saat içməli su alacaq.
Bakıda və Abşeronda, eləcə də regionlarda «Azərsu» tərəfindən həyata keçirilən digər layihələrə gəldikdə, «2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun, Ceyranbatan-Balaxanı-Ramana-Zirə magistral su kəmərinin, anbar komplekslərinin inşası hazırda davam etdirilir. Qəsəbə və kəndlərin içməli su və kanalizasiya şəbəkəsinin tikintisinə başlanılıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində isə 35 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tikinti işləri davam etdirilir. Bu layihələr çərçivəsində 250-dən artıq kəndə də suyun verilməsi nəzərdə tutulur.
Sonda bəzi hesablamalara əsasən, Bakı əhalisinin adambaşına 12 kubmetr (günə təxminən 400 litr) su düşdüyünü qeyd etmək yerinə düşər. Ekspertlər hesab edirlər ki, Azərbaycan su problemini aradan qaldırmaq üçün maliyyə təşkilatlarından kreditlər cəlb etməklə yanaşı investisiya layihələri də yerinə yetirməlidir.
DOSTLARINLA PAYLAŞ: