Azərbaycanda penitensiar sistemdə ictimai nəzarəti təmin edən İctimai Komitənin yeni tərkibi formalaşdırılıb. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qurumun tərkibinin yenidən formalaşdırılması məqsədilə millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti qurumların təmsilçilərindən ibarət olan Seçki Komissiyasının iclası keçirilib. İclasda İctimai Komitənin vətəndaş cəmiyyəti ilə hüquq mühafizə orqanları arasında səmərəli əməkdaşlıq mexanizmi olduğu və onun fəaliyyətinə həm Azərbaycanda, həm də beynəlxalq aləmdə marağın artdığı vurğulanıb. Komissiyanın iclasında İctimai Komitənin gördüyü işlər barədə məruzə dinlənilib, təhlillər aparılaraq qurumun üzvlərinin fəaliyyətinin səmərəsi qiymətləndirilib. İctimai komitənin işində iştirak etmək arzusunda olan qeyri-hökumət hüquq müdafiə təşkilatlarının Seçki Komissiyasına təqdim etdiyi proqram və təkliflərinə baxılaraq Komitənin yeni tərkibi formalaşdırılıb.
Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov APA
-ya açıqlamasında bildirib ki, İctimai Komitənin yeni tərkibdə ilk iclası yanvar ayının əvvəllərində olacaq. Bu toplantıda qurum üzvlərinə nazirin imzası ilə olan xüsusi vəsiqələr təqdim ediləcək. Həmin iclasda komitənin koordinatoru da müəyyənləşəcək.
F. Qurbanov qurumun yeni tərkibdə bir sıra dəyişikliklərin olduğunu da deyib. Onun sözlərinə görə, əvvəlki tərkibdə olan bəzi şəxslər işlərinin çox olduğunu nəzərə alaraq növbəti dəfə tərkibdə fəaliyyət göstərmək istəmədiklərini bildiriblər. İdarə rəisi İctimai Komitədə digər hüquq müdafiəçilərinin də öz nüfuzlarından istifadə etməklə səmərəli fəaliyyət göstərmələri üçün şərait yaradıldığını qeyd edib. F. Qurbanovun sözlərinə görə, bu, heç də o demək deyil ki, qurum kənarda qalan hüquq müdafiəçiləri ilə əməkdaşlıq etməyəcək. İdarə rəisi deyib ki, yeni tərkibdə olmayan hüquq müdafiəçiləri ilə də əməkdaşlığa hər zaman açıq olacaqlar.
İctimai Komitənin tərkibini müəyyənləşdirən seçki komissiyasının üzvü, millət vəkili Rəbiyyət Aslova isə APA-ya açıqlamasında deyib ki, komitəyə rotasiya qaydasında 2 yeni üzv seçilib, 3 nəfər isə tərkibdən çıxarılıb. R. Aslanova İctimai Komitədən çıxarılan üzvlərin Elçin Behbudov, Səadət Bənənyarlı və Kamil Səlimov olduğunu deyib. Onun sözlərinə görə, Nazir Quliyev və Şahin Camalov İctmai Komitəyə yeni üzv seçiliblər.
R. Aslanova İctmai Komitədən çıxralan şəxslərlə bağlı məsələyə da fikirlərini açıqlayıb. Onun sözlərinə görə, Elçin Behbudovun bu qurumdan çıxarılması düzgün addım olub: “Belə bir adam komitəyə lazım deyildi. Onların bir il ərzində gördüyü işlərlə bağlı hesabatları ilə tanış olduq. Elçin Behbudovun hesabatında bütün həbsxanalarda olduğu yazılıb. Ancaq o bu həbsxanalarda nə iş görüb? Bu barədə heç bir məlumat yox idi. İşimizin ümumi xeyrinə töhvə verməyən adamın İctmai Komitədə nə işi var? Mən komitənin ən aktiv üzvü kimi Əliməmməd Nuriyevin adını çəkərdim”.
Beləliklə, Ədliyyə Nazirliyi yanında İctmai Komitənin yeni tərkibi belədir: İradə Cavadova, Zəlihə Tahirova, Çingiz Qənizadə, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Elmari Məmişov, Elmira Ələkbərova, Səidə Qocamanlı, Nazir Quliyev və Şahin Camalov.
Qeyd edək ki, İctimai Komitənin tərkibini müəyyənləşdirən seçki komissiyasına millət vəkilləri Azay Quliyev, Rəbiyyət Aslanova, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Respublika Baş Prokurorluğunun nümayəndələri və s. şəxslər daxildir.
Xatırladaq ki, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin əvvəlki tərkinin səlahiyyət müddəti noyabrın 11-də başa çatıb. İctimai Komitə 2006-cı ildən fəaliyyət göstərir. Bu, qurumun dördüncü tərkibdir. ANSPRESS