Azərbaycan dəmir yolunda yenilik
23 Aprel 2014 Çərşənbə 10:56
Dəmir yolu 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçir.
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri başa çatıb və indi həmin sahədə elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçməsi gündəmdədir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, enerji təchizatı üzrə keçirilmiş tender vasitəsilə podratçı şirkət müəyyən olunub və ATEF şirkətlər qrupu (podratçı) ilə cəmiyyət arasında müqavilə imzalanıb.

Bu müqavilənin icra qrafikinə əsasən podratçı şirkət enerji təchizatı ilə bağlı işlərə “Azərbaycan Dəmir Yolları” QSC ilə razılaşdıraraq start verib. Layihə sənədlərinin hazırlanması dörd mərhələyə bölünüb. Birinci mərhələ Böyük-Kəsik-Gəncə sahəsi, ikinci mərhələ Gəncə-Ucar sahəsi, üçüncü mərhələ Ucar-Hacıqabul sahəsi və dördüncü mərhələ Hacıqabul-Bakı sahəsi ilə əhatə olunub. Araşdırmalardan sonra 12 ədəd dartı yarımstansiyasının yeri seçilərək müəyyən edilib və onların quraşdırılmasına başlanılıb. Tikinti işlərini lazım olan mal-materiallarla, texniki qurğularla təmin etmək məqsədi ilə “ATEF” şirkətlər qrupunun zavodlarında dəmir dayaqlar, yüksək gərginlikli transformatorlar hazırlanıb. Artıq birinci mərhələ üzrə Böyük-Kəsik-Gəncə sahəsində - Böyük Kəsik, Ağstafa, Düyərli və Alabaşlı dartı yarımstansiyaları tikintisi başa çatdırılıb. Burada yüksəkgərginlikli avadanlıqlar, transformatorlar, açarlar, 110 və 25 kV-luq paylayıcı qurğular quraşdırılıb. Hazırda ikinci mərhələ üzrə Gəncə-Ucar sahəsində layihə sənədlərinin hazırlanması başa çatmaq üzrədir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar