“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb
21 İyul 2009 Çərşənbə Axşamı 09:35
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yaradılması haqqında sərəncam imzalayıb.
Prezidentin mətbuat xidmətindən APA-ya bildirilib ki, sərəncama əsasən, Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-də ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə, Nəqliyyat Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə olunub.

QSC-nin sədri və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan prezidenti tərəfindən həyata keçirilir.

Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində QSC-nin Nizamnaməsini və strukturunu prezidentlə razılaşdırmaqla təsdiq etsin, qüvvədə olan qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin, Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayıb prezidentə təqdim etsin.

Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə isə QSC-nin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirmək tapşırılıb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar