Azərbaycan Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçib
19 İyul 2011 Çərşənbə Axşamı 22:29
Nadir Əzməmmədov: "Qatarın təkər cütlərində hər hansı qızma baş verərsə, həmin an qatar saxlanılır və vaqon tərkibdən çıxarılır".
“Azərbaycan Dəmir Yolları” yay mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Qurumun mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, görülən tədbirlərdən biri və ən əsası gün ərzində bir neçə dəfə dəmir yolunun yoxlanılmasıdır.

Nadir Əzməmmədov qeyd edib ki, dəmir yolunun üst elementləri, relslərarası məsamələr bir daha yoxlanılır: “Təhlükəsizlik tam təmin olunandan sonra qatarlar hərəkətə başlayır. Relslərarası məsafə 3 santimetr olur ki, bu da yay mövsümündə relslərin biri-birinə dəyməməsi üçündür. Yəni təhlükəsizlik baxımından onlar mütləq yoxlanılmalıdır. Çünki əgər onlar yaxınlaşarsa, böyük faciə baş verə bilər”.

Dəmiryolçular həmçinin sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün vaqonları texniki baxışdan keçirir. N.Əzməmmədov deyir ki, qatarın təkər cütlərində hər hansı qızma baş verərsə, həmin an qatar saxlanılır və vaqon tərkibdən çıxarılır. O qeyd edib ki, təmir olunandan sonra başqa qatarla yola salınır.

Bundan başqa, havaların isti keçməsi nəzərə alınaraq vaqonların soyuducu sistemi yoxlanılır.

Qeyd edək ki, Azərbaycan qatarlarının 80 faizə qədəri kondisionerlərlə təchiz olunub. Plaskart və bir sıra kupe tipli vaqonlarda isə kondisonerlər olmasa da, havalandırma sistemi işləyir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar