Azərbaycan 2 ədəd “Boeing 787” sifariş edib
16 Dekabr 2009 Çərşənbə 14:20
Azərbaycan 2 ədəd “Boeing 787” sifariş edib. Təyyarələr ölkəyə 2014-cü ildə gətiriləcək.
“Boeing” şirkətinin yeni “Boeing 787 Dreemliner” sərnişin təyyarəsinın ilk sınaq uçuşu keçirilib. Vaşinqtonun “Everett” aerodromundan havaya qalxan təyyarənin uçuşu 3 saat 4 dəqiqə çəkib və “Boeing” şirkətinin Sietl şəhərindəki aerodromunda yerə enib.
Təyyarənin ilk uçuş müddəti əvvəlcə 5 saat 50 dəqiqə nəzərdə tutulsa da, hava şəraitinin pisləşməsi ilə əlaqədar uçuş müddəti azaldılıb. İki pilotun idarə etdiyi təyyarənin ilk sınaq uçuşu hələ 2007-ci ilin yayında planlaşdırılsa da, bu, aviaşirkətin şəriklərinin mühüm ləvazimatlarla təmin etməyi yubatması ilə əlaqədar təxirə salınmışdı.
Bir müddət sonra isə aşkar edilən bəzi çatışmazlıqlarla əlaqədar təyyarədə düzəlişlər aparılıb. Hazırda “Boeing” şirkəti bu təyyarə üçün 56 avia şirkətdən 840 sifariş alıb.
İlk sifarişçi olan Yaponiya avia şirkəti “Boeing 787”ni 2010-cu ilin sonlarında əldə edəcək. Təyyarə əvvəlki nümunələrlə müqayisədə 20 faiz az yanacaq sərf edəcək və istismar xərcləri də 10 faiz aşağı olacaq. Eyni zamanda, təyyarə əvvəlkilərlə nisbətdə atmosferə 20 faiz az zərərli qaz buraxacaq və aerodrom ərazisində səsin yayılma çevrəsi 60 faiz aşağı olacaq.
“Boeing-787”nin sifarişçiləri arasında Azərbaycan da var. Dövlət Mülki Aviasiya Administrasiyasından verilən məlumata görə, MDB məkanında ilk dəfə olaraq Azərbaycan bu tipli təyyarədən 2 ədəd sifariş edib və hava nəqliyyatının 2014-cü ildə alınıb ölkəyə gətirilməsi planlaşdırılır. Reaktiv tipli bu təyyarələrdən uzaq məsafələrə, ABŞ-a, Avropa və Cənub Şərqi Asiya ölkələrinə birbaşa reyslərdə istifadə olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: