Azan bizim bir parçamızdır
15 Dekabr 2009 Çərşənbə Axşamı 16:20
Şeyxülislam:“Kiçik dövlət məmurlarının qadağalarını sülhlə həll etmək lazımdır”
“Əgər mitinqlərdə, toyda, konfranslarda, şadlıq evlərində, Hacıbala Abutalıbovun küçədə qışqıranları mikrofondan istifadə edirlərsə, o zaman dindarlar məsciddə bundan niyə istifadə etməməlidirlər? Heç kim buna etiraz edə bilməz. Azan bizim bir parçamızdır, azan veriləndə, mərsiyə oxunanda mikrofonlara lazım olan qədər səs vermək lazımdır. Lakin bəzi müştəbeh məmurlar heç bir göstəriş olmadan məscidlərdən azanın səsgücləndirici ilə verilməməsini tələb edirlər”.
Lent.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Qazılar Şurasının bu gün keçirilən iclasında belə deyib. Onun sözlərinə görə, hazırda məscidlərdə azan verməklə bağlı problem yoxdur, amma bəzi yerlərdə səsgücləndiricilərdən istifadə etmək imkanları məhduddur: “Bəzi yerlərdə, xüsusən xəstəxanaların ətrafında səsgücləndiricidən istifadə zamanı çətinliklər yaranır. Bəzi yerlərdə kiçik dövlət məmurları da belə qadağalar qoyur. Amma bunları hay-küylə yox, sülhlə həll etmək lazımdır”.
Hacı Allahşükür Paşazadə bu məsələdə dindarları da güzəştə getməyə çağırıb. Onun sözlərinə görə, məsciddə 5 nəfər ibadətlə məşğul olursa, mikrofonun səsini yüksək tonda verməyə ehtiyac qalmır: “Bəzən məsciddə 5 nəfər olur və mikrofona çox güclü səs verirlər. Buna da ehtiyac yoxdur. Yəni ehtiyac olan qədər səs vermək lazımdır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: