AZAL Türkiyə kurortlarına aviabiletlərin bahalaşmasına aydınlıq gətirib
29 Aprel 2011 Cümə 11:56
Qarşıdakı yay mövsümündə Bakı-Antalyaya marşrutu ilə həyata keçiriləcək reyeslərə aviabiletlərin bahalaşmasının səbəbi «Azərbaycan Hava Yolları» (AZAL) QSC-nin aldığı beynəlxalq kreditlər, dünya bazarında yanacağın bahalaşması, Türkiyə hava limanlarında yığım və xidmət haqlarının artması və avronun məzənnəsinin yüksəlməsi ilə bağlıdır.
Bu barədə «APA-Economics»ə AZAL-dan məlumat verilib.
Qurumun xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, AZAL xarici aviaşirkətlər tərəfindən kəskin rəqabət şəraitində fəaliyyət göstərir və bununla əlaqədar olaraq müasir texnikanın alınması üçün kreditlərin ödənilməsi məqsədilə beynəlxalq reyslərdə maliyyə səmərəliliyinin artırılmasına çalışır.
Belə ki, AZAL bu yaxınlarda 6 ədəd «Aerobus 320» təyyarəsi alıb, mayın sonunda Azərbaycana müasir tipli «Boeing 767» təyyarəsi gətiriləcək, daha bir belə təyyarə Bakıya gələn il gətiriləcək. MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycan «Boeing 787-Dreamliner» tipli iki təyyarə alacaq və 2014-cü ildən bu təyyarələrin istismarına başlayacaq. Bu təyyarələr ən uzaq məsafələrə (Amerika, Cənub-Şərqi Asiya və s. istiqamətlərə) reyslər həyata keçirəcək: «Bununla əlaqədar olaraq AZAL Türkiyənin kurort zonalarına uçuşları maliyyə baxımından əlverişli imkan hesab edir».
M.Səfərlinin sözlərinə görə, bu reyslərin qısamüddətli, yəni yalnız yay mövsümündə yerinə yetirildiyini nəzərə alaraq, bunların bahalığı başa düşüləndir. Başqa sözlə, aviabiletlərin bahalaşmasının əsas səbəblərindən biri AZAL-ın yeni təyyarələrin alınması və digər layihələrlə bağlı xərclərini ödəmək üçün gəlirlərini artırmaq istəyidir.
Bahalaşmanın digər səbəbi regionda baş verən hadisələr, eləcə də siyasi vəziyyət, habelə dünya bazarında yanacağın və avronun bahalaşması ilə bağlıdır. Belə ki, ərəb ölkələrində siyasi vəziyyətin gərginləşməsindən sonra Türkiyəyə turist axını güclənib. Bundan başqa, dünya bazarında neftin bahalaşması nəticəsində Türkiyənin hava limanlarında aviayanacağın qiyməti artıb: «Ötən il yanacağın tonu 450-470 dollar olduğu halda, hazırda bu qiymət 2 dəfədən çox artaraq 1000 dollardan çoxdur».
M.Səfərli bildirib ki, bütün bunlar, xüsusilə də avronun məzənnəsinin yüksəlməsi Türkiyənin hava limanlarında məzənnə və yığımların artmasına, bu isə öz növbəsində biletlərin bahalaşmasına səbəb olub: «Bundan başqa, Türkiyənin hava limanlarında yerüstü xidmətdən başlayaraq, bort qidasının qiymətinin artırılmasınadək istehsal xərclərinə çəkilən xərclər də çoxalıb. Xidmət dəyərinin, haqq və yığımların artımı nəinki aviasiya sənayesinə, hətta Türkiyənin kurort biznesinə də təsir göstərib».
AZAL rəsmisi xatırladıb ki, IKAO-nun qərarı ilə aviabiletlər yalnız avro ilə satılmalıdır. Bu isə avronun məzənnəsinin yüksəlməsi fonunda biletlərin bahalaşmasına səbəb olub: «Hətta bu şəraitdə AZAL vəziyyətdən istifadə edərək həddən artıq qazanc əldə etmək məqsədi güdmür. Belə ki, 2010-cu ildə Antalya və Bodrum istiqamətlərində aviabiletin dəyəri 416 avro olduğu halda, indi qiymətlər 476 avrodur və ya ötən ilkinə nisbətən cəmi 60 avro bahadır».
Qeyd edək ki, turizm şirkətləri ötən il Antalyaya uçuş qiymətlərinin 416 avro deyil, 310-320 manat olduğunu, yəni bu il qiymətlərin 220 manat artdığını bildirir.
Yeri gəlmişkən, AZAL-da xüsusi vurğulayıblar ki, bu istiqamətdə AZAL-dan başqa şirkətlər də uçuşlar təşkil edir. Belə ki, Türkiyənin bir sıra şirkətləri İstanbul, Adana və s. şəhərlərdən keçməklə Bakıdan bu istiqamətə uçuşlar təşkil edir. Amma bunların qiyməti nisbətən bahadır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: