Aydın Mirzəzadə: Azərbaycan ordusu xalqımızın iftixar yeridir
26 İyun 2011 Bazar 01:51
Aydın Mirzəzadə: Ermənistanın siyasıti bumeranq effekti verir və ziyanı özünə dəyir.
“Azərbaycan ordusu bu gün dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı ordudur”. ANS PRESS-in məlumatına görə, bunu yap.org.az saytına Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Azərbaycan ordusu ən müasir tələblərə cavab verən struktura, yəni Silahlı Qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması yönündə indiyə qədər dövlət tərəfindən vacib addımlar atılıb.

Deputatın fikrincə, bu faktlar torpaqlarımızın 20 faizini işğal etmiş və bütün siyasətini qonşu dövlətlərin torpaqlarını işğalı üstündə quran Ermənistanda da kifayət qədər məlumdur. Aydın Mirzəzadə qeyd edib ki, təbii resursları kasad, militaristləşdirilmiş siyasətin həyata keçirilməsi, Azərbaycana, Türkiyəyə, Gürcüstana torpaq iddiaları irəli sürməsi və beləliklə də özünü inkişafdan kənarda qoyması Ermənistanda iqtisadiyyatın geriləməsinə səbəb olub.

“Ermənistan sivil dövlət qurmaq, obyektiv qanunlarla işləyən iqtisadiyyat qurmaq, mehriban qonşuluq siyasətinə əsaslanan xarici diplomatiya həyata keçirmək əvəzinə qonşu dövlətlərə torpaq iddiasına üstünlük verir. Bu da işğalçı dövlət üçün bumeranq effekti verir və ziyanı özünə dəyir”, - komitə sədrinin müavini vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar