Ayaz Mütəllibov Bakıya gəlib
08 Avqust 2011 Bazar Ertəsi 20:18
Eks-prezident oğlunun dəfnində iştirak edəcək
19 illik fasilədən sonra keçmiş prezident Ayaz Mütəllibov oğlu Azad Mütəllibovun dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gəlib. Qeyd edək ki, Ayaz Mütəllibovun oğlu 49 yaşlı Azad Mütəllibov xərçəng xəstəliyindən dünyasını dəyişib. Yas mərasimi sabah saat 11-də Təzəpir məscidində keçiriləcək. Azad Mütəllibov Yasamal qəbristanlığında babasının yanında dəfn ediləcək. 19 illik vətən nisgili yaşayan Ayaz Mütəllibovun qismətinə övladının ayrılığı ilə vətənə qovuşmaq yazılıbmış.
Ayaz Mütəllibov Sovet Azərbaycanının son, müstəqil Azərbaycanın ilk rəhbəri kimi dramatik bir dövr yaşayıb. Sovet ittifaqının saxlanmasına böyük səs çoxluğu ilə tərəfdar çıxan referendum da, Azərbaycanın müstəqilliyinə razılıq ifadə edən ümumxalq səsvermsəsi də onun dövrünə təsadüf edir. Azərbaycanın MDB-yə üzv qəbul edilməsi ideyasının da təşəbbüskarı Ayaz Mütəllibov olmuşdu. Bunu məhz o vaxtlar etmişdi ki, ölkədə Milli Azadlıq Hərəkatı getdikcə güclənirdi.
Ayaz Mütəllivbovun prezidentliyi dövründə Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə soyuq müharibə şəraitində yaşayırdı. Bu münasibətlər Heydər Əliyevin SSRİ rəhbərliyindən Naxçıvana Ali Məclis sədri postuna qayıtmasından sonra özünün böhran həddinə çatdı. Ayaz Mütəllibov erməni silahlı qüvvələrinin Rusiyanın köməyi ilə Xocalıda dinc sakinlərə qarşı amansız qırğın aktı həyata keçirməsi zamanı ölkəyə rəhbərlik etdiyindən məsuliyyət onun üzərinə düşdü və müxalifətin təzyiqi nəticəsində məhz bu faciyəyə görə istefaya getdi. Amma qan tökmədən.
Mayın 14-də parlament onun hakimiyyətə qayıdışını mümkün hesab edəndən sonra, o yenidən hakimiyyəti qoyub getməyə məcbur edildi. Bu dəfə tankla-topla. Amma Mütəllibov bu dəfə də müqavimət göstərmədən getdi. 1992-cı ilin may ayının 15-də Bakını tərk edən keçmiş birinci katib və eks-prezident 19 ilə yaxındır ki, Moskvada yaşayır. Əvvəllər siyasi baxımdan daha fəal idi, Azərbaycanda və keçmiş sovet məkanında baş verən proseslərə heç olmazsa mətbuatda münasibət bildirirdi. Son zamanlar isə demək olar ki, tamamilə susqun mühacir ömrü yaşayır.
Müxtəlif vaxtlarda Azərbaycana qayıtmaq təşəbbüsü ilə çıxış etsə də, habelə heç bir siyasi maraq olmadığını desə də, hələ ki, Bakı onu qəbul etmirdi. Ayaz Mütəlliblov hətta atası Niyazi vəfat edəndə də, yas mərasiminə gəlməmişdi. Baxmayaraq ki, ölkə rəhbərliyi onun öz atasının dəfninə qatılmasına razılıq vermişdi. Amma o zaman Mütəllibov rəhbərlik etdiyi partiyanın buna icazə vermədiyini səbəb gətirərək dəfnə qatılmamışdı. Bu dəfə isə dövlətin qanunu millətin adətinə hörmələ yanaşdı. Yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə bəndi üzrə ittiham olun eks-prezidentin bu gün də İnterpol tərəfindən axtarışqda olmasına baxmayaraq, o Bakıya buraxılır. Yəni bu gün də Azərbaycan qanunları ilə onun həbsi mümkündür. Lakin görünür adətlər bəzən qanunlardan daha güclü olur. Atanı öz övladının tabutunun altında həbs etməzlər.
DOSTLARINLA PAYLAŞ: