Avtobus sürücüləri özlərini niyə dilənçilərlə müqayisə edir?
03 May 2011 Çərşənbə Axşamı 15:54
İctimai nəqliyyatda intellektual idarəetmə sisteminin tətbiqi mövcud problemlərin həllinə ümid verir.
İctimai nəqliyyatın idarəedilməsilə bağlı intelektual sistem yaradılır. Bəs görəsən bu sistemin hansı üstün cəhətləri var. Ümumiyyətlə vətəndaşalr yeni sistem haqqında məlumatlıdırlarmı? Bu suallara cavab tapmaq üçün ANS PRESS olaraq araşdırma aparmaq qərarına gəldik. Əvvəlcə başladıq sürücülərin yeni qaydalar haqqında məlumatlı olub-olmadıqlarını soruşduq.

113 saylı avtobusun sürücüsü Yalçın Vəliyev intelektual sistemə keçməklə bağlı məsələni eşitdiyini, lakin bu barədə dəqiq məlumatlı olmadığını bildirdi.

Şakir Babayev adlı 218 saylı avtobusun sürücüsü bu sistemin sürücülərə zərər verəcəyini dedi: “Əgər gediş kartla olarsa, o zaman bizə müəyyən edilən planı çatdıra bilməyəcəyik. Bəs sürücüyə nə qalacaq?”.

Digər sürücü Camal Əliyev bu sistemdə maaşla işləyəcəyinə görə sevindiyini bildirdi: “Bu gün sürücülər dilənçilərdən betər gündədir. Bilmirik planı necə çatdıraq. Əlavə xərclər də bir yandan. Evə gedəndə də bir şey apara bilmirik. Bu sistemə keçsələr, yəqin ki sürücülərə maaş veriləcək. Məncə bu sərfəli olar”.

Elmlər Akademiyası metrosu yaxınlığında dispetçer işləyən Anar Allahverdiyev isə bu sistemə keçməyin heç də tərəfdarı deyil. O işini itirəcəyindən qorxur: “Bir tərfdən sürücülər üçün sərf edər. Çünki nə dispetçerlər, nə də başqa adama pul verməyəcəklər. Kassa aparatı olacaq, nə qədər sərnişin daşınıb, həmin aparatda qeyd olunacaq. Dayanacaqlarda da ki, monitorlar quraşdırılacaq. Həmin monitor vasitəsilə avtobusların nə vaxt gəlib, nə vaxt gedəcəyini bilmək olacaq. Sürücülər də öz qrafiklərini mərkəzi idarəetmə sistemi ilə biləcəklər. Daha dispetçer xidmətinə ehtiyac olmayacaq. Əlbəttə, bu bir tərəfdən yaxşıdır. Amma səmimi desəm, bu mənim ürəyimcə deyil”.

Sərnişinlərdən bəziləri bu sistemdən çox müsbət nəticələr gözlədiklərini dedilər. Qənirə Məmmədova adlı xanım bəlkə bu sistemə keçən zaman sərnişin sıxlığının qarşısının alınacağını bildirdi. “Bəlkə avtobuslarda “basabas” aradan qalxdı. Əlbəttə, yeniliklərə sevinmək lazımdır”.

Kəmala adlı xanım isə bu sistemin də heç bir nəticə verməyəcəyini düşünür. “Gərək insanlarda mədəniyyət formalaşsın. Bizdə nəqliyyatdan istifadə etmək mədəniyyəti yoxdur. Nə olsun ki, gediş kartla olacaq. O lap pis. İndi də dayanacaqlarda karta gediş yükləmək üstündə dava düşəcək”.

O ki qaldı küçələrdə intellektual idarəetmə mərkəzindən idarə edilən elektron tablolar, yəni naviqatorların quraşdırılmasına, paytaxtda çəkiliş apararkən, belə monitorların bir çox ərazilərdə quraşdırıldığını gördük. Əsasən mərkəzi küçələrdə, Heydər Əliyev, Tbilisi, Azadlıq, Mətbuat prospektlərində, aeroport yolunda, Mehdi Hüseyn və digər küçələrində naviqatorlar quraşdırılıb. Hətta Tbilisi prospektində quraşdırılan naviqator artıq işlək vəziyyətdədir.

Qeyd edək ki, bu naviqatorlar vasitəsilə Bakıda harada tıxacın olub olmadığı haqqında məlumat göstəriləcək.

Nəqliyyat Nazirliyində bildirirlər ki, nəqliyyatın intelektual sistemlə idarə edilməsinə bu ilin noyabr ayına planlaşdırılır. Bu barədə nazirliyin mətuat katibliyinin müdiri Namiq Həsənov ANS PRESS-ə açıqlamasında bildirdi. Onun sözlərinə görə, intellektual idarəetmə üçün nəzərdə tutulan mərkəzi bina artıq hazır vəziyyətdədir, avadanlıqlar gətirilib və quraşdırılır. Artıq şəhərdə bir neçə istiqamətində intellektual idarəetmə mərkəzindən idarə edilən elektron tablolar, yəni naviqatorlar da quraşdırılır.

“Naviqator vasitəsilə hansı yolda tıxac olduğu göstərilir. Bütün naviqatorlardakı məlumat mərkəzə və oradan da sürücülərə ötürüləcək. Yollarda gördüyümüz qazıntı işləri və dirəklərin basdırılması bu sistemlə bağlıdır. Proses artıq yekunlaşmaq üzrədir. Cənubi Koreyanın paytaxtı Seul şəhərinin təcrübəsi əsasında, koreyalı mütəxəssislərlə birgə həyata keçirilir. 2 ildir ki, koreyalı mütəxəssislərlə bununla bağlı müzakirələr aparılır. Bütün detallar öyrənilir”, - deyə Namiq Həsənov vurğuladı.

Nazirlik rəsmisinin sözlərinə görə, bu sistemə keçən zaman, ola bilsin ki, sürücülər başqa əsaslarla çalışacaq. Sahibkarlarla əmək müqavilələri bağlanacaq, sürücülərə aylıq əməkhaqqı veriləcək. Namiq Həsənov bunun sürücülərə fayda verəcəyini düşünür.

“Bu sistemə keçən zaman avtobuslarda sərnişin sıxlığı tam aradan qaldırılacaq. 200 yerdə yeni dayanacaqlar quraşdırılacaq. Həmin dayanacaqlarda neçə saylı avtobusun həmin yerə neçə dəqiqəyə çatacağı göstəriləcək. Beləliklə, yeni quraşdırılan dayanacaqlarda sərnişinlər gözlədikləri avtobusun neçə dəqiqədən sonra gələcəyini biləcək. Və sərnişin narahat olmayacaq ki, gözlədiyi növbəti avtobus birdən gec gəldi”, - deyə Namiq Həsənov vurğuladı.

Bütün orta və iri tutumlu avtobuslarda kassa aparatları quraşdırılacaq və gediş haqları xüsusi kartlar vasitəsilə ödəniləcək. Kartları müvafiq dayanacaqlardan almaq və onlara gedişhaqqı yükləmək mümkün olacaq. Həmin kartlar vasitəsilə həm avtobuslardan, həm də metrodan istifadə etmək mümkün olacaq. Namiq Həsənov kartların qiymətilə bağlı dəqiq məlumatın olmadığını bildirdi: “Bu onun istehsalat xərcindən asılıdır. Bu sistemə keçmək gediş haqqıların qiymətinə heç bir təsir etməyəcək”.

Sonda arzu edirik ki, nəqliyyat sahəsində yeni tətbiq olunacaq sistem bu sahədə olan böyük problemləri həll edə biləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar